“Mən də detektiv əsərlərin zir-zibil olduğunu demişəm” - DEPUTAT

 “Mən də detektiv əsərlərin zir-zibil olduğunu demişəm” - DEPUTAT

"ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır”.

Asayis.Az 
xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev deyib.

O, bildirib ki, Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Abdullayev bildirib: “Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”

Deputat yazıçının mövqeyini belə şərh edib:

“Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udacağı pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harda axtarır. 

Ona qalsa məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Bir dəfə müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri Bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım. 

Əslində Kubra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidir. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər (hətta təhqirlərin) həmişə olub və olacaq. Sadəcə yazıçı belə məsələlərə tolerant yanaşmalıdır. 

Məncə Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək. Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi isə tamamilə absurddur. Absurd teatrdır.

Absurd teatr gözəl janrdır və “zir -zibil” deyil…”.

16:15 - 23 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin