Quba rayonunda 2005-ci il təvəllüdlü Pərvin çay evində işləyən Naziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Quba rayonunun Timiryazey qəsəbəsinə yerləşən “480” çay evinin yaxınlığında baş verib. Pərvin orada Naziləni döyərək müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
Hadisəni törədən Pərvinin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə inzibati qaydada iş qaldırılıb.
İş üzrə izahat verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, saat 23.00-da “480 PUB” çay evinə gedib: “Orada spirtli içki qəbul etdim. Gecə saat 02.40-da getmək istədikdə, hesabı ödəməyə pulum olmadı. 2-3 gün ərzində hesabı ödəyəcəyimi bildirsəm də, Nazilə buna razı olmadı. Hesab 200 manat təşkil edib. Hesabı ödəməyə imkanım olmadığından aramızda mübahisə yarandı. Bu vaxt əl-qol atdım. Nazilə xanımı bir dəfə vurduğumu xatırlayıram”.
İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, “480 PUB” çay evini işlətir: “İşlətdiyim çay evində müştəri qismində olan Pərvin adlı şəxs spirtli içkilər içdi və hesabı 200 manat təşkil etdi. Lakin Pərvin hesabı vermək istəmədi. Çay evindən bayırda aramızda mübahisə yarandı. Mübahisə zamanı Pərvin sifət nahiyəmdən yumruqla vurdu”.
Bu işə Quba rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə təqsirli bilinən şəxslə zərərçəkmişin barışması nəzərə alınıb, bu səbəbdən Pərvinin barəsində olan inzibati xəta üzrə işin icraatına xitam verilib. Demokrat.az