"Biz böyük qınaq və etirazlara rəğmən öz işini görə bilməyən 700 müəllimi işdən çıxara bildik"
Asayis.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Doktorantların və gənc tədqiqatçıların XXVI Respublika Elmi Konfransının ( NASCOXXVI) rəsmi açılış mərasimində çıxışı zamanı deyib:
"Sertifikasiyanın keçirilməsinə çox böyük etiraz və qınaqlar var idi. Hətta bu gün belə sertifikasiyanı birmənalı qarşılamayanlar var. Məlumdur ki, bu imtahandan keçə bilməyən 743 müəllim işdən çıxarıldı. Bu qədər müəllim öz işlərini bilmədən illərlə şagirdlərə dərs keçiblər. Onları işdən çıxarmaq bizim 7 ilimizi aldı. Amma buna nail olduq. Əgər öz işini bilməyən müəllimlər ümumtəhsil müəssisələrində dərs deməyə davam etsəydi, sonra "Niyə təhsildə heç nə yoxdur?" demək mənasız bir ifadə olardı", - o qeyd edib.
Nazir vurğulayıb ki, bir neçə ilə elmi nailiyyət əldə etmək asan məsələ deyil.
"Elmin fərqli xüsusiyyəti də elə bundan ibarətdir. Hər hansı bir alim səhər oyanıb, işə gedəndə "Nəyisə kəşf edim" düşüncəsi ilə getmir. Nə isə ortaya çıxarmaq üçün uzun bir müddətdə ehtiyac var. Bu olduqca məsuliyyət və fədakarlıq tələb edən məsələdir", - o bildirib.