Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası "Royal Bank"ın Müşahidə Şurasının sədri olmuş Əli Cam və oğlu - bankın baş direktoru Fuad Camın şikayətinə baxıb.
Məhkəmə bankir ata-oğul haqdakı hökmü yenidən dəyişib.
Asayis.Az Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə hesab edib ki, Fuad Cama cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması ilə bağlı verilən ittiham doğru olmayıb və ləğv edilib. Onun cəzası bu dəfə 8 ildən 6 ilə endirilib. Əli Camınsa 5 illik cəzası olduğu kimi saxlanılıb. Bankir ata-bala 4 ildir həbsdə olsalar da, ötən müddətdə məhkəmələrdədirlər. 2 il öncə onlara hökm oxunsa da, ata və oğul razılaşmırlar. Bu üzdən illərdir "Royal Bank"dakı milyonlarla manat mənimsəmə, vəsaitlərin ölkədən çıxarılıb xaricdəki hesablara köçürülməsi və s. ittihamlarla bağlı müxtəlif məhkəmə instansiyalarında araşdırmalar ara vermir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fuad Cama 13 il, Əli Cama isə 8 il həbs cəzası kəsilmişdi.
Cinayət işinin materiallarına görə Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən həmin kreditlərin verilməsi üçün "Royal Bank"ın hesabına köçürülmüş 4 milyon 500 min manat vəsait mənimsənilib.
İttihama görə, 31 müxtəlif hüquqi və fiziki şəxsin adına sənədləşmə aparılıb. Ayrılmış kreditlərin onlara verildiyi göstərilib. Əslində isə həmin sənədləşmələr formal olub, o adamların adına köçürülən vəsaitlər onlara çatmayıb.
İş üzrə cavabdehlərdən olan Abşeron sakini Həlimə Talıbova deyir ki, onun haqqında anket məlumatlarından yararlanaraq, imzasını da saxtalaşdırıb adına 20 min manat kredit ayırıblar. Özünün bundan illərlə xəbəri olmayıb. "Royal Bank"ın lisenziyası ləğv ediləndən sonra onu kreditin qaytarılmamasına görə məhkəməyə veriblər. Məhkəmədən çağırış gələndə xəbər tutub ki, adına böyük məbləğdə kredit götürülüb.
Sənədlərdə yazılıb ki, Həlimə Talıbova bankın 8 saylı filialından kredit götürüb. O isə məhkəmədə bildirib ki, heç həmin filialın harada yerləşdiyini bilmir: "Mən uzun illər öncə həmin bankdan 1000 manat kredit götürüb vaxtında ödəmişəm. Eşitdiyimə görə, müdiriyyət müştərilərin əvvəlki sənədləri ilə saxta kredit müqavilələri yazıb, böyük məbləğdə pullar götürüb, sonra da ödəməyib...".
Əli və Fuad Camlar saxta sənədlərlə kreditlər hesabına əldə edildiyi iddia olunan milyonlarla manatı da Hindistan, Fransa və başqa ölkələrdəki bank hesablarına və şirkətlərə köçürməkdə suçlanırlar.
Bu üzdən ata və oğula külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması, vəzifə saxtakarlığı və s. maddələrlə ittihamlar verilib.
Camlar ittihamlarla razılaşmır, özlərini təqsirli bilmirlər. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib bəraət istəyirdilər. Bakı Apellyasiya Məhkəməsi onlara bəraət verməsə də, cəzalarını azaltmışdı - Fuad Camın cəzası 8 ilə, Əli Camın cəzası isə 5 ilə endirilmişdi. Bankir və oğlu bu qərarla da razılaşmayaraq Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Ali Məhkəmə belə nəticəyə gəlib ki, Camların işinə yenidən baxılmalıdır. Ona görə də apellyasiya məhkəməsinin qərarı ləğv edilərək cinayət işini təkrar araşdırmaqdan ötrü Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdı.
Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası onların haqqındakı hökmü qeyd etdiyimiz kimi yenidən dəyişib. Fuad Cama cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması ilə bağlı verilən ittiham ləğv edilib. Onun cəzası bu dəfə 8 ildən 6 ilə endirilib. Əli Camınsa 5 illik cəzası olduğu kimi saxlanılıb.
Əli Cam və oğlu tam bəraət istəyirlər. Ata Cam məhkəmədə deyib ki, özü də, oğlu da təqsirsizdir: "Biz bankı 2003-cü ildən sonra götürmüşük. Əməkdaşların sayını 12 nəfərdən 600 nəfərə, kapitalını 22 milyona çatdırmışıq. Bütün dünyada böhran olan dövrdə belə, kapitalının düşməsinə imkan verməmişəm. Mən xaricdə əmlakımı satıb Bakıya gətirmişəm. Məni bankın vəsaitlərini mənimsəməkdə, çirkli pulları leqallaşdırmaq üçün xarici hesablara köçürməkdə ittiham etmək absurddur".
Fuad Cam da bildirib ki, onun cinayətdə əli olduğunu deyən bir nəfər şahid, başqa dəlil-sübut yoxdur.
İttihama görə, kənd təsərrüfatı kreditlərinin mənimsənilməsi prosesində Fuad Camın hesabına 1 milyon 200 min manat köçürülüb və çıxarılıb.
"İttiham aktında da göstərilib ki, bu proses Əli Camın göstərişi ilə baş tutub. Bu pulu Fuad köçürməyib. Belə olan halda, onun nə təqsiri var Ataya görə oğulu cəzalandırmaq harada var?", - Fuad Camın vəkili bildirib.
Əli Cam 2019-cu ilin iyununda Dubayda saxlanılaraq Azərbaycana təhvil verilib. Fuad Camsa Bakıda saxlanılıb.
Kənd Təsərrüfatı Nazirliyi də "Royal Bank" işi üzrə zərərçəkmiş qismində tanınıb. Məhkəmə Camların bir sıra əmlakının müsadirə olunmasına və zərərçəkmişə dəyən ziyanın ödənişinə yönəldilməsinə qərar verib.