“192 bıçaq zərbəsi vurulub, bu, tək adamın işi deyil”

 “192 bıçaq zərbəsi vurulub, bu, tək adamın işi deyil”

nasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan 16 yaşlı Z. M.-nin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda qətlə yetirilən şəxsin hüquqi varisinin vəkili iş üzrə bəzi şübhəli məqamlara diqqət çəkib.

Vəkil iddia edib ki, hadisə tək adam tərəfindən törədilməyib, cinayətdə başqa şəxslərin də əli olub:

“Zərərçəkmiş şəxsə 192 bıçaq zərbəsi vurulub. Bu, tək adamın işi deyil. Bundan əlavə şübhə yaratmağa əsas verən bəzi nüanslar var. Məsələn, hadisə baş verən gecə təqsirləndirilən şəxslə birgə onun yetkinlik yaşına çatmış iki bacısı da evdə olub. Atası isə həmin gecə işdə olduğuna görə ona telefonla məlumat verilib. Amma maraqlıdır ki, bacılar sübutları yox etmək niyyəti ilə evin müxtəlif otaqlarına yayılmış qan ləkələrini siliblər, hadisənin intihar olduğu barədə yalan məlumat veriblər. Həmçinin hadisə vaxtı övladları analarına kömək etməyib, onu yaralı halda qoyub qaçıblar”.

Təqsirləndirilən şəxsin kiçik bacısı Nərmin Mansurova da prosesdə iştirak edib. O, ifadəsində qardaşının hadisəni törətməsinin səbəbini anasının düz olmayan hərəkətləri ilə əlaqələndirib.

Məhkəmə tərkibinə daxil olan hakim Leyla Əsgərova-Məmmədova şahiddən qətldən sonra qan ləkələrini silmələrinin səbəbini soruşub:

“Çünki polisdən qorxurduq. Ona görə qanı sildik”, - deyə şahid cavab verib.

İşdə şübhə yaradan məqamlardan biri isə bacıların hər ikisinin təhsillərini yarımçıq qoymalarıdır. Belə ki, ailənin böyük qızı Nigar universitet, Nərmin isə kollec tələbəsi olublar. Lakin hər ikisi təhsillərini yarımçıq saxlayıblar.

Hüquqi varisin vəkili məhz bu məqama da toxunub, təhsil müəssisələrindən xasiyyətnamə alınmasını istəyib:

“Bacılar hər ikisi dindardır. Biz belə düşünürük ki, anası bu səbəbdən onlara təzyiq edib. Həmçinin onların dini paltarlarını yandırıb”.

Təqsirləndirilən şəxs vəkilin sözləri ilə razılaşmayıb. O, anası tərəfindən dini paltarların yandırılmasını inkar edib.

Prosesdə təqsirləndirilən şəxsin hadisə yerindəki ifadəsinin əks olunduğu videoya baxılıb. Yeniyetmə həmin ifadəsində anasını ona mütəmadi olaraq işgəncə verdiyinə görə öldürdüyünü deyib.

Prokuror Rauf Malışovu maraqlandıran məsələlərdən biri təqsirləndirilən şəxsin hadisədən əvvəl anası tərəfindən hansı işgəncələrə məruz qalması olub.

Təqsirləndirilən şəxsin dediyinə görə, anası onu əsasən şişlə döyürmüş. Bundan başqa, ona bıçaqla hədə-qorxu gəlib. Dediyinə görə, qonşuluqda yaşayan Şəhla adlı xanım da bilir.

Prokuror ekspert rəyinə istinad edərək qeyd edib ki, təqsirləndirilən şəxsin bədənində müəyyən sıyrıqlar olub, lakin həmin sıyrıqlar qətl vaxtı yaranıb:

“Hesab edirəm ki, Z.M.-nin sonuncu hadisədən əvvəl xəsarətlərinin olub-olmadığı araşdırılmalıdır. Bundan əlavə, təklif edirəm ki, təqsirləndirilən şəxsin qonşuları məhkəmədə dindirilsinlər”.

Vəkil işin istintaqa qaytarılmasını istəyib: “Hələ əlavə şahidlər gəlsin, nə isə şübhəli məqam ortaya çıxsa, mən özüm də vəsatət verərəm”.

Məhkəmə prokurorun vəsatətini tam, hüquqi varisin vəsatətini qismən təmin edib.

Təqsirləndirilən şəxsin qonşularının, ona dərs deyən müəllimlərin məhkəməyə çağırılmasına və bacılarının qəbul olunduğu təhsil müəssisələrinə sorğular verilməsinə qərar verilib.

Proses dekabrın 12-si davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən yeniyetmə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham olunur. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı olaraq ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Lakin qanuna görə yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası verilə bilməz.

Xatırladaq ki, hadisə bu ilin fevralında Xətai rayonu ərazisində qeydə alınıb. İttihamda deyilir ki, 16 yaşlı Z. M. anası, 46 yaşlı Solmaz Mansurovanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Təqsirləndirilən şəxs cinayət törədən vaxt məktəbli olub.

14:24 - 15 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin