Bakıda “Location” gecə klubunda baş vermiş partlayışa görə mühakimə olunan Rəsul Rəsulov, Orxan Səfərli və Ruslan Məmmədovun barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verilib.
Asayis.Az xəbər verir ki, kasasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib.
Şikayət araşdırılması üçün hakim Əziz Seyidovun icraatına verilib.
Məhkəmə baxışı dekabrın 6-na təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Rəsulov 5 il, Orxan Səfərli 4 il müddətinə azadlıqdan mərhum edilib. Hər iki təqsirləndirilən şəxsin cəzalarını məntəqə tipli müəssisədə çəkmələri müəyyən olunub.
Ruslan Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona 1 il sınaq olmaqla 4 il müddətinə şərti cəza təyin olunub.
Məhkəmə qeyd edib ki, Orxan Səfərli tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilib.
Təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayətlərində müdafiə etdikləri şəxslər barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin olunmayıb.
Bundan sonra Ali Məhkəməyə müraciət olunub.
İttihama görə, hadisə ötən il aprelin 3-də, gecə saat 3 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Location” gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova ölüb, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətlər alıb.
Aprelin 6-da 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı xəstəxanada vəfat edib. Aprelin 9-da isə klubun işçisi Gülbala Abdullayev dünyasını dəyişib.
İstintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulova Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərliyə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Eyni zamanda, istintaq zamanı qeyd olunan ərazi üzrə yanğın təhlükəsizliyinin təmin edilməsinə məsul olan - Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov tərəfindən vəzifələrin icrası zamanı səhlənkarlığa yol verilməsi müəyyən edilib.
Ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi üzrə 53 zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmişlərin siyahısında bloger, Bakı Lift İdarəsinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı Aysel Şükürova da var. O, həmin partlayışda ağır xəsarət alıb.
Rəsul Rəsulov və Orxan Səfərli həbsdədir. Digər təqsirləndirilən Ruslan Məmmədovun barəsində əvvəllər həbs qətimkan tədbiri seçilsə də, sonradan barəsində seçilmiş qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Demokrat.az