2024-cü ilin dövlət büdcəsinin layihəsində müəllimlərin sertifikasiyası üçün 71,0 milyon manat, məktəb direktorları və müavinlərinin əməkhaqlarına əlavələrin müəyyən edilməsi üçün 22,6 milyon manat (93,6 milyon manat) vəsait proqnozlaşdırılıb.
Asayis.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Qeyd edək ki, “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 18 avqust tarixli 1815 nömrəli Fərmanının icrası olaraq dövlət ümumi təhsil müəssisələrinin direktor, direktor müavinlərinin və sertifikatlaşdırılmadan keçən təhsilverənlərin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilib. Bu məqsəd üçün 2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətin sertifikatlaşma proqramında iştirakının təmin edilməsinə və 68 min nəfər heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunmasına təşəbbüs göstəriləcək.