Türk Hava Yolları yaxın üç saat ərzində İstanbuldan uçması planlaşdırılan bütün reysləri ləğv edib.
Bu barədə aviaşirkətin nümayəndəsi Yəhya Üstün “X” sosial şəbəkəsində məlumat verib.
“Uçuşları yerli vaxtla 19:00-dan 22:00-a qədər yerinə yetirilməli olan bütün reyslər ləğv edilib”, - aviaşirkətin nümayəndəsi yazıb.
O, bunun səbəbini bilet satışı və bronlaşdırma sistemindəki nasazlıqla izah edib.
“Şəbəkə infrastrukturunda yaranan problemlər səbəbindən bilet satışı və bronlaşdırma prosesində fasilələr var. Problemin həlli üçün lazımi işlər görülür”, - Üstün qeyd edib.
İstanbul Beynəlxalq Hava Limanının saytında yer alan məlumata görə, Türk Hava Yollarının iştirakı ilə həyata keçirilən beynəlxalq uçuşların əksəriyyəti vaxtında həyata keçiriləcək. Saat 18:30-dan sonra yerinə yetirilməsi planlaşdırılan bir çox daxili reyslər isə ləğv edilib.//Oxu.az