"Bapbalaca rayonun icra başçısıdır, özünü padşah hesab edir”

İcra başçıları ilə bağlı problemlərin həlli üçün yeni Konstitusiya qəbul olunmalı və orada paralellik aradan qaldırılmalıdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev deyib. 

O, son günlər fəaliyyəti ilə bağlı tənqid edilən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun fonunda ölkədəki icra hakimiyyətlərinin son durumundan söz açıb. 

Xatırladaq ki, sabiq XİN rəhbəri Tofiq Zülfüqarov və Naftalanın keçmiş icra başçısı Musa Musayev T.Qaraşovun fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndiriblər. Eks-nazir sosial şəbəkə hesabındakı paylaşımında Lənkəran küçələrinin zibilli və dilənçilərlə dolu olduğunu bildirərək icra başçısını günahlandırıb.

C.Nuriyev əlavə edib ki, Azərbaycanda icra başçıları keçid dövrü üçün nəzərdə tutulmuş bir mexanizm idi, lakin indi bu, özünü doğrultmur:

“İkincisi isə bunların müddəti yoxdur və 10-15 il bir insanın hansısa rayonda icra başçısı kimi qalması orada yeni innovasiyanın olmasını mümkünsüz edir. Ona görə ki, kreativlik yoxdur”. 

Sabiq deputat iddia edib ki, Azərbaycanda kim harada icra başçısı olursa, oraya özünün kürsüsü kimi baxır:

“Çox təəssüf ki, bu adamlar cənab Prezidentin etimadını doğrultmurlar. Çünki rayon icra başçıları qazi və şəhid ailələrinə münasibətdə həddən artıq kobudluq edib vəzifələrini yerinə yetirmirlər. Lakin cənab Prezidentin, Mehriban xanımın bu qədər çox işlərinin olmasına baxmayaraq, onlar qazi və şəhid ailələri ilə maraqlanır, problemlərini “YAŞAT” Fondu ilə həll edirlər”. 

“Bu gün Qarabağ alınıb, ərazi bütövlüyümüz təmin olunub deyə “Böyük Qayıdış” layihəsi start götürüb. İndi cənab Prezident bununla məşğul olmalıdır, yoxsa icra başçıları ilə? Onlara nəzarət etəməli olan adamlar nə işlə məşğuldurlar? Niyə icra hakimləri ilə bağlı narazılıq olanda məsələlər bu qədər böyüyür? İcra hakimlərini bir balaca tənqid edəndə də səni verirlər məhkəməyə. Məsələn, Şamaxı İcra Hakimiyyəti mənə məhkəməyə vermişdi. Doğrudur, hakim ədalətli mövqe tutdu, amma tutmaya da bilərdi, çünki məhkəmə sistemində ciddi problemlər var”, - deyə müsahibimiz söyləyib. 

“Mən Tofiq Zülfüqarov və Musa Musayevi tanıyıram. Bu insanlar həddən artıq ehtiyatlı danışan adamlardır. Əgər bunlar da danışırlarsa, görün əndazə nə qədər pozulub? Əslinə qalsa, bu tendensiya tək Lənkərana aid deyil ki? Bir çox rayonlarda bu vəziyyət var. Demək olar ki, 70% icra başçılarından camaat həddən artıq narazıdır. Bunlar inzibati qaydada dövlətin altına qoyulmuş minalardır ki, istənilən vaxt partlaya bilər. Bu hadisələr İsmayıllı və Qubada oldu. Ona görə də eyni şeylərin təkrarlanmasına ehtiyac yoxdur. Azərbaycan ərazi bütövlüyünün bərpasından sonra çox ciddi işlərlə məşğuldur və bizə bu problemlər lazım deyil. Amma təəssüf ki, bunlar var. Düşünürəm ki, yeni Konstitusiya ilə də icra Hakimiyyətləri ləğv olunacaq”, - o, vurğulayıb. 

Həmsöhbətimizin fikrincə, ölkədə ərazi sistemi bölünməlidir:

“66 icra başçısı nəyə lazımdır?! Əgər yeni ərazi sisteminə keçsək, biləcəyik ki, Prezidentin 10-14 nümayəndəsi olacaq. Çünki 14 nəfəri idarə etmək daha rahatdır, nəinki 66 rayonu idarə etmək. Bapbalaca rayonların icra başçıları özlərini padşah hesab edirlər. Böyüklər də özlərini Allah statusunda görür. Mən bunlara başqa ad tapa bilmirəm. Bu adamlar dərk etməlidirlər ki, cənab Prezidentə xidmət edirlər”. 

“Mənə elə gəlir ki, kənd rayonlarına kənd təsərrüfatını bilən adamlar göndərilməlidir. Çünki idarəetmə meneceri ayrı, kənd rayonlarının spesifikası isə ayrıdır. Asfalt üstündə böyüyən adam heç vaxt torpağı başa düşə bilməz. İndiki icra başçılarının çoxu ya xaricdə oxuyub gələn, ingilisdilli, ya da kiminsə övladı, qardaşı oğlu, bacısı oğlu və kürəkənidir. Yəni burada təsadüfi, özü gücünə vəzifəyə gəlib çıxan adam yoxdur”, – deyə C. Nuriyev fikirlərini tamamlayıb. 

18:00 - 1 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin