Ekologiya və Təbii Sərvətlər Nazirliyi rüşvətə görə həbs olunan işçi ilə bağlı açıqlama verib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əfsus ki, narahatlığa səbəb olan belə hallara rast gəlinir və bəzi işçilər ona göstərilən etimadı doğrultmurlar.
“Biz bu cür neqativlərlə heç vaxt barışmamışıq və barışmayacağıq da. Belə işçilərin sıralarımızdan təmizlənməsi üçün ciddi çalışırıq və bundan sonra da davam etdirəcəyik”, - deyə nazirlik qeyd edib.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Amil Abdullayevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət alması barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İş üzrə toplanmış ilkin sübutlar əsasında Amil Abdullayevə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.