Sevgilisinin evinə basqın edən tanınmış güləşçiyə hökm oxundu

 Sevgilisinin evinə basqın edən tanınmış güləşçiyə hökm oxundu

Tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Asayis.Az 
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan iclasda hökm oxunub.

Elman Muxtarov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, Elman Muxtarov 2022-ci ilin iyul ayının 12-də paytaxtın Nizami rayonu ərazisində yaxın sevgi münasibətində olduğu Gülşənin həyat yoldaşı Mübarizin (zərərçəkmiş və onun qohumlarının adları şərti verilib – red.) üz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Bundan başqa, o, həmin il sentyabrın 6-da Mübarizin oğlu Səmədi yaşadığı binanın qarşısında izləyib. Səməd yaşadığı evə daxil olan zaman Elman da mənzilə soxulub.

Bu zaman Mübariz də evdə olub. Evə basqın edən idmançı Mübarizə yumruq zərbələri endirib və bıçaqla hədələyib.

Daha sonra Elman evdən 2 min 800 manat pulu götürərək hadisə yerini tərk edib.

Hadisə barədə zərərçəkmiş hüquq-mühafizə orqanlarına müraciət edib. Elman polis əməkdaşları tərəfindən saxlanılıb.

Elman Muxtarova qarşı Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Elman Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub. O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb.

Daha sonra karyerasını başa vurub.

12:24 - 1 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin