Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Axşam.az-ın məlumatına görə, "Xəzər axşamı" proqramına telefonla zəng edən xanəndə özünü yaxşı hiss etdiyini bildirib:
"Bir neçə gündür ki, səhhətimlə bağlı yayılan xəbərlərdən tamaşaçılar kimi mən də çox narahat olmuşam. Mən heç bir xəstəxanaya yerləşdirilməmişəm. Bu ilin sonuna, yəni iki aydan sonra canlı solo konsert vermək niyyətindəyəm. Konsertə hazırlaşıram deyə müayinələrimə daha diqqətlə yanaşıram. Çünki istəyirəm, xalqın qarşısında hesabat konserti verim.
Həmişəki Aygün Bəylər kimi tamaşaçıların qarşısına çıxım. Bu nə yalan xəbər idi, heç özüm də bilmədim. Nazilə Səfərliyə çox təqid etdim ki, şəkil çəkdirməyi sevmirəm, xoşlamıram. Amma nə etmək olar... Özü gəldi və mənimlə şəkil çəkdirdi. Həmin fotonu isə sosial şəbəkə səhifəsində paylaşdı. Paylaşandan üç dəqiqə sonra sosial şəbəkələrə yayıldı.
Yenə də deyirəm, mən xəstəxanaya yerləşdirilməmişəm, sadəcə ora qan analizi verməyə getmişəm. Hər şey çox gözəldir. Konsertə hazırlaşıram, əhvalım da yüksəkdir. Sağlamlığım da yaxşıdır. Həkimlər də səhhətimlə bağlı xoş sözlər deyiblər".
Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanmışdı. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib. Bir neçə gün əvvəl şair Nazilə Səfərli onun xəstəxanada çəkilən şəklini yayımlamışdı.