akının Nəsimi rayonu ərazisində kriminal aləmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhd etməkdə, silahlı insident törətməkdə təqsirli bilinən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AsayisAz xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Şahmar İsmayılov ifadə verib. O bildirib ki, heç kimi öldürmək istəməyib. Onun sözlərinə görə, zərərçəkmiş Nicat Əkbərovun adını eşidib: "Öldürmək istəsəydim, şans var idi. Məni tanımırlar. Mən onun adını çəkmişəm. Üzümə baxanda atəş açmışam. Qohumum Elnur Qasımovun ölümündə Nicat Əkbərovun əli var. Onu qorxutmaq istəmişəm ki, qohumlarından, yaxınlarımdan əl çəksin. Elnur Qasımovu Nicat Ələkbərov öldürməyib. Onun yerini bildirib, buna görə də əli olub. İstəmişəm ki, yaxınlarımdan əl çəksin".
Təqsirləndirlilən şəxs deyib ki, hadisədən əvvəl Naxçıvanda olub və Bakıya gələndə Vüqar Quliyev onu qarşılayıb: "Oteldə özümə yer tutdum, həmin oteldə qaldım. Fransada türmədə olan Emin Qasımovla danışdım. Bilirəm ki, orada türmədə cəza çəkir. Mənə zəng vurdu. Ona dedim ki, mənə maşın lazımdır, tək hərəkət etmək istədim. Mənə Ramal adlı şəxsin nömrəsini atdı. Onunla danışdım. Ona dedim ki, atam xəstədir. Şəkilini də atdım ki, yıxılıb. Gecə Vüqarı götürdüm və Novxanıya getdim. Maşını Ramaldan götürdüm və otelə qayıtdım. Vüqar da mənimlə qaldı".
Təqsirləndirlilən şəxs bildirib ki, idman zalı tapıb və orada idman etməyə başlayıb. Qeyd edib ki, idman zalı hadisənin olduğu yerə yaxın idi.
Təqsirləndirilən şəxs əlavə edib ki, martın 10-da hadisə baş verib: "Hadisə yerinə Vüqarla gəlmişəm. Onun hadisədən xəbəri olmayıb. Ona demişdim ki, pul almağa gəlmişəm. Silahdan atəş açanda qədər Vüqarın heç nədən xəbəri olmayıb. Vüqarı özündən kənarlaşdırmaq istədim. Üstündə silah olmasından da xəbəri olmayıb. Nicat çıxanda atəş açdım. Nicat hadisə yerindən qaçdı. Silah avtomobildə qaldı".
Şahmar İsmayılovun sözlərinə görə, hadisədən sonra bilet alıblar və Türkiyəyə getmək istəyiblər. Qeyd edib ki, hava limanında həbs edilib.
Suallara cavab verən təqsirləndirilən şəxs deyib ki, Nicat Əkbərovla şəxsi tanışlığı olmayıb və onu ancaq sosial şəbəkələrdən tanıyıb.
Digər təqsirləndirilən Vüqar Quliyev deyib ki, Şahmar İsmayılovla dost olublar. Onun sözlərinə görə, digər təqsirləndirilən Ramal Məmmədov və zərərçəkmiş Nicat Əkbərovu tanımayıb. Bildirib ki, Şahmat İsmayılov Bakıya gələndə qarşılayıb: "Ondan Bakıya gəlməsinin səbəbini soruşdum. Dedi ki, obyekt götürəcək, işləyəcək. Mən onu maşınımda gəzdirmişəm. Sonradan Novxanıda maşın götürmək istədiyini dedi. Mən də razılaşdım. Birlikdə Novxanıya getdik, oradan maşın götürdük. Geri qayıtdıq. Hadisə günü Şahmar dedi ki, pul almağa gedəcək. Dedi ki, mənimlə birlikdə gedək. Dedim ki, cinayət törədən deyilsən ki, gəl birlikdə gedək. Atəş açanda hadisədən xəbər tutdum".
Təqsirləndirilən Ramal Məmmədov bildirib ki, təqsirləndirilən Şahmar İsmayılov və Vüqar Quliyevi tanımayıb. Onun sözlərinə görə, Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun dostu olub: "Mən silahı Şahmar İsmayılova verməmişəm. Mən ibtidai istintaq zamanı verdiyim ifadəni təsdiqləmirəm".
Zərərçəkmiş Fəqan Rəhimli bildirib ki, ali hərbi məktəbin 5-ci kursunda təhsil alıb. Onun sözlərinə görə, hadisə yerində olarkən güllə yarası alıb. Ayağından və bel nahiyələrindən güllə yarası alan zərərçəkmiş bildirib ki, səhhətində ciddi problemlər yaranıb: "Vurulmalı olan şəxs mən tərəfdə idi. Ona görə də güllə mənə dəydi. Mən güllənin atılmasını görməmişəm. Çünki arxadan atəş açılıb. Şikayətçiyəm".
Şahmar İsmayılov zərərçəkmiş Fəqan Rəhimlidən baş verən hadisəyə görə üzr istədiyini deyib.
Zərərçəkmiş Tamerlan Hüseynov bildirib ki, hadisə baş verən yerdə olub: "Mən orada təsadüfən olmuşam. Atəş açıldı, elə bildim ki, fişəng atırlar. Ayağımdan xəsarət alanda bildim ki, atəş açıblar. Xəstəxanada müalicə aldım".
Zərərçəkmiş təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 10 min manat mülki iddia qaldırdığını deyib. Bildirib ki, hadisə zamanı xəsarət alıb, xəstəxanada müalicə olunub: "Müalicə zamanı xərcim çıxıb. Səhhətimlə bağlı bir neçə ay işləyə bilməmişəm. Həmçinin avtomobilimə ziyan dəyib. Buna görə də bu məbləğdə ziyanın ödənilməsini istəyirəm".
Zərərçəkmiş, kriminal ailəmdə "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Ələkbərov bildirib ki, təqsirləndirilən şəxsləri tanımayıb. Onun sözlərinə görə, hadisə günü idman zalından çıxıb: "Hadisəni xatırlamıram. Təqsirləndirlilən şəxslərdən şikayətçi deyiləm. Mənə atəş açan şəxsi görmüşəm. Orada bir nəfər idi".
Zərərçəkmiş bildirib ki, Emin Qasımov və onun qardaşı Elnuru 29 ilə yaxındır tanıyır: "Son üç ildə münasibətlərimiz olmayıb. Onlarla əlaqəmiz yoxdur".
Şahid Seymur Həsənov bildirib ki, Nicat Ələkbərovu tanıyıb, onunla uşaqlıq dostu olublar. "Bravo"da xidmət rəisi işlədiyini deyən şahid bildirib ki, atəş səsini eşidib: "Bir neçə atəş səsi gəldi. Atəş açan şəxsi görməmişəm".
Şahidin istintaqa verdiyi ifadəsi elan edilib. Şahid ifadəsində göstərib ki, Nicat Ələkbərov kriminal aləmdə tanımış şəxs olub, o "Brilyant Nicat" kimi tanınıb. Qeyd edib ki, Emin Qasımov da kriminal aləmin nümayəndələrindən olub.
O, ifadəsində deyib ki, Emin Qasımovun qardaşı Elnur İstanbulda öldürülüb, Emin də qardaşının ölümündə Nicat Ələkbərovu günahkar bilib. Onun sözlərinə görə, Nicatın Elnurun qətlindən heç bir xəbəri olmayıb: "Elnurun qətlindən Nicatın xəbəri olmayıb. Eminin Nicatla arası yox idi. Onların arasında ziddiyyətlər var idi".
Növbəti proses dekabrın 6-da davam edəcək.
Qeyd edək ki, istintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.
Zərərçəkmiş, kriminal aləmdə "Nicat Lənkəranski" kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib.
Demokrat.az