İşdən çıxarılan icra başçısı kimdir? - Oqtay Əsədovun qudası...

 İşdən çıxarılan icra başçısı kimdir? - Oqtay Əsədovun qudası...

Xəbər verdiyimiz kimi, Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Asayis.Az vəzifəsindən azad edilən məşhur icra başçısının bioqrafiyasını təqdim edir.

Son olaraq Samux rayonuna rəhbərlik edən Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. O, 1965-ci ildə Çaylı kənd orta məktəbini, 1974-cü ildə isə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə “Bakı Su Kəməri” İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.

1997–2000-ci illərdə “Abşeron Regional Səhmdar Su” Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 

Son olaraq isə o, Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

A. Qocayev 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, üç övladı, yeddi nəvəsi var.

Qeyd edək ki, məşhur icra başçısı Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.

Demokrat.az

14:00 - 26 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin