"Mirşahin Ağayev heç vaxt şərikimiz olmayıb”

Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. O ANS-də vitse-prezident idi. Mənim 7 vitse-prezidentim var idi. ANS-in təsisçisi mən və qardaşım Seyfulla olub. Mənə Azərbaycandilli müxbir lazım olanda Sabir Rüstəmxanlı Mirşahinlə məni tanış edib". 

Asayis.Az
 xəbər verir ki, bunu BBC Azərbaycancaya müsahibəsində ANS Şirkətlər Qrupunun təsisçisi Vahid Mustafayev deyib. 

“Mirşahin kanal açanda mənə ortaqlıq təklif etmədi. Ümumiyyətlə, Azərbaycanda mənə ortaqlıq təklif etmək ideyası heç kimin ağlına gələ bilməz. Ona görə ki, bugünə kimi bizim ailəmizin yaratdığı qurumların heç birində ortağımız olmayıb. Biz yalnız öz ailəmizlə hər şeyi yaratmışıq. Biz öz pulumuzla, malımızla, qanımız və canımızla hər şeyi yaratmışıq. Heç kəs bizə Azərbaycanda ortaqlıq təklif edə bilməz. 

İkincisi, mən ANS-lə bağlı bütün məhkəmə instansiyalarına sona kimi getmişəm, uduzmuşam və kişi kimi çəkilmişəm kənara. Mən peşəkar boksçuyam, həyatım boyu çempionatlarda iştirak etmişəm, udmağı da, uduzmağı da bacarıram. Adam uduzanda kişi kimi uduzmalıdır, biz bu hadisədə uduzdur, MTRŞ bizi uddu və söhbət qurtardı. 

ANS-lə bağlı Avropa məhkəməsinə getmədik. Vahid Mustafayev Avropa məhkəməsinə necə getsin? Bu zaman məsələ belə olacaq: ANS Azərbaycana qarşı yaxud Vahid Mustafayev Azərbaycana qarşı. Bunu necə təsəvvür edə bilərsiniz? Mənim, qardaşlarımın, əmilərimin, babalarımın bütün həyatı Azərbaycan üçün olub”. 

“Dövlət rəhbərliyinin bu gün də 102 FM tezliyini heç kimə verməmısi ANS-ə olan böyük rəğbətdir. Bu ANS-ə olan hörmətdir. Hər halda, mən belə düşünürəm. Optimist olmaq lazımdır. 

ANS-in adı olmasa, başqa adla heç vaxt kanal açmayacağam, belə bir şey olmayacaq! O ki, qaldı ANS-in özünün açılmasına, mən Azərbaycan xalqının əsgəriyəm, nə vaxt əmr gəlsə ki, “get, ANS-i aç və işlə” o zaman bütün işlərimi kənara atıb gedib o işlə məşğul olacağam. Və çalışacam ki, bütün bacarığımı, təcrübəmi son damla tərimə qədər Azərbaycan xalqına sərf edim. Bunda heç bir problem yoxdur. Biz bu gün 2016-cı ildə olduğundan da güclü və peşəkarıq”.

13:48 - 25 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin