Bakıda sərxoş kişi qonşusunun qanını tökdü - TƏFƏRRÜAT

 Bakıda sərxoş kişi qonşusunun qanını tökdü - TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1982-ci il təvəllüdlü Ramil qonşusu Şahinə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin aprelin 23-də Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 

Ramil sərxoş vəziyyətdə qonşusu Şahinin hadisədən bir qədər əvvəl onu təhqir edərək vurmasını, arxası ilə danışmasına görə irad bildirərkən aralarında baş vermiş mübahisə zəminində yaşadığı evdən götürdüyü bıçaqla iki dəfə onun bədən nahiyəsindən vurub.

Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Maştağa qəsəbəsi, Zeytun Zavod küçəsində 7-8 ildir valideynləri ilə yaşayır və fərdi qaydada fəhləlik edir: “Zərərçəkmiş Şahini qiyabi olaraq 3-4 ildir ki, tanıyıram. Şahin yaşadığım evin bir neçə yüz metrliyində yaşayır. Şahinlə heç vaxt aramızda münaqişə baş verməyib. Ədavətimiz və ya düşmənçiliyim olmayıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, aprelin 23-də, saat 15 radələrində təxminən 0,5 litr Rusiya istehsalı olan araq, pendir, çörək və kolbasa alaraq yaşadığı evin yaxınlığında ağaclıqda yeyib, spirtli içki qəbul edib: “Bundan sonra da gedərək mağazadan bir şüşə butulka da pivə aldım və onu da içərək sərxoş oldum. Saat 18 radələrində məhəllədə tək olarkən qonşumuz Şahin mənə yaxınlaşaraq aprelin 22-də onun evinin qarşısında sərxoş halda niyə səs-küy saldığımı, kiminləsə mübahisə etməyimi soruşdu. Həmin vaxtı guya ailəsi ilə oradan keçdiyini, narahat olmasını dedi. Mən də ona orada olmadığımı, bu məsələdən xəbərsiz olmağımı bildirdim. Lakin Şahin məni itələyərək yumruqla sinəmdən vurdu. Heç bir səbəb olmadan məni təhqir etdi. Mən də Şahini itələdim və bir-biirmiz ilə əlbəyaxa olduq”. 

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Şahin onu baş nahiyəsindən yumruqla vurub: “Mən sərxoş olduğumdan, həmçinin ətrafdakı adlarını bilmədiyim şəxslərin bunu görməsindən pərt olduğumdan, dərhal evə getdim. Mətbəxdən kiçik ölçülü mətbəx bıçağını götürərək küçəyə çıxdım. Şahinin evinin yanına gələrək, əsəbi olduğumdan ona bıçaqla vurdum. Zərbədən Şahin yerə yıxıldı. Bundan sonra qaçaraq getdim. Bıçağı isə yaşadığım evin yaxınlığından keçən su kanalına atdım. Polis əməkdaşlarının məni axtara biləcəyindən qorxdum və gecə evə getmədim, küçədə gecələdim. Aprelin 24-də günorta radələrində könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə getdim”. 
İş üzrə zərərçəkmiş Şahinin sözlərinə görə, təqsirləndirilən Ramili 2-3 il olar tanıyır: “Ramil evimin 300 metrliyində valideynləri ilə bir yerdə yaşayır. Aramızda baş verən hadisəyədək münaqişələrimiz olmayıb. Ramil son zamanlar evimin yanında tanımadığım şəxslərlə yığışıb, sərxoş olub və səs-küy salıb”. 

Zərərçəkmiş deyib ki, aprelin 23-də, saat 17 radələrində Ramil onun evinin yanından keçərkən ona salam verib: “Bundan sonra evimdə olarkən həyat yoldaşım yenə Ramilgilin evin yaxınlığına yığışaraq söyüş söyüb, səs-küy salmalarını bildirdi. Sonra həyat yoldaşımla mağazaya gedib qayıdarkən evimin yaxınlığında Ramil məni səslədi. Mən həyat yoldaşımla evə getdim. Geri qayıdanda sərxoş vəziyyətdə olan Ramil məni səsləməsini, mənim isə salam almadığımı dedi. Aramızda əvvəl mübahisə, sonra isə dava-dalaş yarandı. Bundan sonra Ramil getdi. Həmçinin onu gözləməyimi tələb etdi. Təxminən 2-3 dəqiqə sonra Ramil məhəlləyə qayıdaraq üzərimə hücum çəkdi. Bıçaqla qəsdən sol qolaltı nahiyəmdən və kürəyimdən zərbələr vurdu. Nəticədə ağır bədən xəsarəti aldım. Ramil isə qaçaraq getdi. Hadisə yerinə gələn şəxslər məni xəstəxanaya apardı”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramil 3 il müddətinə azadlıqdan məhrum edilib. 

11:48 - 25 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin