Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik-leytenant Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Asayis.Az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rüstəm Səlimov ifadə verib.
O bildirib ki, təqsirləndirilən Mahir Şirvanovu tanımır. Onun sözlərinə görə, MMC-nin icraçı direktorudur: "Rəhbərlik etdiyim şirkət ərzaq məhsullarının satışı ilə məşğul olub. 2018-ci ildən Müdafiə Nazirliyinə ərzaq məhsullarının ərzaq verilməsi ilə məşğul olmuşuq. Bizim MMC-nin Müdafiə Nazirliyi ilə bu illər ərzində 20-30 müqaviləsi olub".
Daha sonra şahid dövlət ittihamçısı Ziya Mansurov və təqsirləndirilən şəxsin vəkilinin suallarını cavablandırıb. Suallara cavab verən şahid deyib ki, şirkət "qreçka", düyü, sirkə və digər məhsullarının satışı ilə məşğul olub.
Şahidin sözlərinə görə, Müdafiə Nazirliyi ilə müqaviləni MMC-nin rəhbəri kimi özü bağlayıb. O deyib ki, Müdafiə Nazirliyi ilə MMC-nin müqaviləsi 2018-2021-ci illər ərzində ərzaq məhsullarının tədarükü ilə bağlı müqavilələri olub.
Rüstəm Səlimov bildirib ki, Müdafiə Nazirliyi ilə müqavilənin bağlamasını başqa bir şirkətin əməkdaşı Aftandil Abdiyevin vasitəçiliyi ilə bağlayıb:
"Aftandil Abdiyevin özü də nazirliklə işləyib. Onun vasitəsi ilə məndə bu işlə məşğul olmağa başlamışam. Biz danışdıqdan sonra məhsulların qiymətlərini yazılı qaydada nazirliyə təqdim etmişik. Məhsulların qiymətlərinə baxıldıqdan sonra müqavilə imzalamışıq".
Suallara cavab verən şahid deyib ki, müqavilə Müdafiə Nazirliyində hazırlanıb: "Hazır müqaviləni nazirliyin giriş qapısına qoyublar. Mən də gedərək ordan götürmüşəm və imza edərək geri qaytarmışam. Müqavilədə məhsulların qiymətini bazar uyğun təklif edirdik. Qiymətlərin şişirdilməsi olmayıb. Bütün məhsulları qiyməti real bazar qiymətinə uyğun olub".
Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. Prokurorun suallarına cavab verən şahid deyib ki, rəhbərlik etdiyi şirkətin nazirliklə müqavilənin bağlanmasında Aftandil Abdiyev iştirak etməyib, onun ancaq nazirliklə əlaqələndirilməsinə köməkliyi olub. Əlavə edib ki, onun şirkətinin Aftandil Abdiyev ilə bağlılığı olmayıb.
Şahid deyib ki, məhsulların qiymətlərinin şişirdilməsindən xəbəri olmayıb. Prokuror şahidin nəzərinə çatdırıb ki, sizin şirkətlə Aftandil Abdiyevin şirkəti Müdafiə Nazirliyi ilə bağladığı müqavilə əsasında məhsulların qiymətlərinin şişirdilməsi nəticəsində dövlət büdcəsindən 4 milyon manat mənimsənilib. Şahid deyib ki, bu mənimsəmə faktından onun xəbəri olmayıb.
Növbəti proses oktyabrın 27-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.