“Ünsiyyət azalıb, həyat sevgisi yoxdur” - Ürək-damar xəstəlikləri niyə artır?

 “Ünsiyyət azalıb, həyat sevgisi yoxdur” - Ürək-damar xəstəlikləri niyə artır?

"World of Statistic" ürək-damar xəstəliklərindən ölənlərin sayına görə hesabat hazırlayıb. Təəssüf ki, Azərbaycan siyahıda ikinci yerdədir. Statistikaya görə ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbilə baş verir. 

Sosioloq Mail Yaqubun sözlərinə görə, ürək-damar xəstəliklərinə səbəb olan amillər sırasında depressiya və stress öndə gəlir.

O, Demokrat.az-a açıqlamasında deyib ki, depressiya və stress həm iqtisadi, həm də psixoloji çətinliklər fonunda yaşana bilər:

“Araşdırmalar göstərir ki, depressiya və stress içində olan insanların heç də hamısının maddi və sosial problemləri yoxdur. Təbii ki, dövlət əhalinin iqtisadi-sosial problemlərinin həlli üçün addımlar atmalıdır.

Lakin bundan əlavə insanlar psixoloji problemlər də yaşayırlar. Ünsiyyət azalıb, həyat sevgisi yoxdur. Maddi vəziyyəti yaxşı olan insanlar da psixoloji sarıdan əziyyət çəkir, belə olan halda da ürək-damar xəstəlikləri riski qaçılmazdır. Həyat sevgisi olmayan insan intihara da əl ata bilər”.



Ekspertin fikrincə,televiziyalarda bu mövzuları əhatə edən ciddi verilişlər hazırlanmalıdır:

“Əminəm ki, bu verilişlərin reytinqi də yüksək olacaq. Peşəkar sosioloqlar, psixoloqlar dəvət olunmalı, veriliş tok-şou formatında baş tutmalıdır. Auditoriya ilə birgə müxtəlif məsələlər müzakirə olunmalıdır. Təəssüf ki, efirlərimizdə belə verilişlər yoxdur. Dövlət buna büdcə ayırmalıdır”.

12:00 - 19 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin