Narkomanlar əsgərliyə getməlidir - Deputatdan TƏKLİF

 Narkomanlar əsgərliyə getməlidir - Deputatdan TƏKLİF

Narkotik istifadə edənlər müalicə olunaraq əsgərliyə getməlidirlər.

Asayis.Az
 xəbər verir ki, bunu Milli Məclisin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Fazil Mustafa bildirib.

O deyib ki, müvafiq qurum rəy verməsə, çağırış komissiyaları hər hansı qərar qəbul edə bilməyəcək:

"Məsuliyyətin bir neçə qurum arasında bölüşdürülməsi şəffaflıqla bağlı problem yaradacaq. İndi ilkin tibbi müayinə üçün həkimlər yığılacaq. Bu, həm də vəsait deməkdir. Orada hər hansı narazılıq olarsa, məhkəmə kimi yuxarı quruma müraciət olunacaq. Bu, həm də dolaşıqlıq yarada və qurumlararası problemə səbəb ola bilər. Ona görə də bunu bir qurum tərəfindən həyata keçirməsinin yollarını tapmaq olar. Yekun tibbi müayinə demək ilkin tibbi müayinənin tanınmamasıdır. Mexanizmin özünün mürəkkəb olması qurumlar arasında məsuliyyət bölgüsünün ziddiyyətli şəkildə bölünməsidir. Qurumlar məsuliyyəti bir-birinin üzərinə atacaq. Xaricdə əsgərlikdən 3-4 il əvvəl çağırırlar və yoxlanış olur. Bizdə də belə etməliyik. Xəstəliyi olanlara müalicə imkanı yaradılmalıdır. İkinci məsələ narkotiklə bağlıdır. Yəni narkotik istifadə edənin əsgərliyə getməməsi məsələsi olmamalıdır, onların müalicəsi təmin edilməlidir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib ki, ölkədə narkoloji dispanser var və orada müalicə təmin edilir: “Əgər müalicə effektiv deyilsə, bu, bu qanun layihəsinin predmeti deyil".

13:12 - 18 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin