Bir neçə gündür ki, sosial şəbəkələr və bəzi KİV-lər Almaniya xəstəxanalarının birində şöbə müdiri vəzifəsində çalışan ürək cərrahı Nicat İbrahimovun 20 min avro civarında aldığı əmək haqqından imtina edərək, Azərbaycana qayıtdığı barədə məlumat tirajlayır.
Nicat İbrahimov bildirib ki, o, Azərbaycanın ürək xəstəliklərindən ölüm sayına görə dünyada ikinci yerdə olması barədə statistikanı öyrənəndən sonra Vətənə qayıtmağa qərar verib.
Reaksiyalardan görünür ki, gənc həkimin bu addımı birmənalı qarşılanmayıb. Reaksiyalar sosial şəbəkələrdə həkimlə bağlı müzakirələrə səbəb olub.
Asayis.Az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Almaniyadan Azərbaycana qayıdan həkimlə bağlı açıqlama verib.
Açıqlamada deyilir:
"Müzakirələrinizə cavab olaraq bildirirəm ki, İbrahimov Nicat Xalid oğlu 13 oktyabr tarixindən etibarən TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasında rəsmi olaraq fəaliyyətə başlayacaq. Hazırda o, Azərbaycandadır və hətta xəstəxanadadır.
TƏBİB xaricdə yaşayan və çalışan azərbaycanlı həkim mütəxəssislərin Azərbaycanda fəaliyyətinin təşviq edilməsinə hər zaman maraqlıdır. Bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir, danışıq və müzakirələr aparılır. Bunun da nəticəsində 100-dək xaricdə təhsil almış və ya çalışmış uzman-həkim bu gün tabeliyimizdəki ayrı-ayrı xəstəxana və tibb müəssisələrində çalışır.
Bu il təşkil etdiyimiz Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumunda dünyanın ayrı-ayrı ölkələrindən (12 ölkə) 120-dən çox həkimin iştirakı, təcrübə mübadiləsi üçün regionlarda təşkil olunan təlim və görüşlərə həvəslə qatılması, tibb müəssisələrimizdə yaradılan şəraitlə tanış olması, simpoziumun açılış mərasimində yüksək rütbəli şəxslərin hesabat xarakterli və motivasiyaedici çıxışları, çağırışları, TƏBİB rəhbərliyi ilə görüşləri onlarda xüsusi stimul yaratmamış deyil. Həkimlərdən aldığımız geridönüşlər bizi də məmnun etdi və inanırıq ki, xaricdə çalışan daha bir neçə həkimin ölkəmizə geri qayıtmasına, fəaliyyətinə nail olacağıq.
Nicat doktor da TƏBİB tərəfindən dəvət olunub, gəliş səbəbinin nə olmasından aslı olmayaraq, ona çoxminli təbiblərimizin sırasına qoşulduğu üçün təşəkkür edir və uğurlar arzulayırıq!".