Gəncədə ata oğluna xəsarət yetirdi - TƏFƏRRÜAT

 Gəncədə ata oğluna xəsarət yetirdi - TƏFƏRRÜAT

Gəncə şəhərində 1972-ci il təvəllüdlü Mehman oğlu Şirvaniyə xəsarət yetirib. 

Asayis.Az-ın məlumatına görə, hadisə Gəncə şəhərində yerləşən Gəncə Dəmir yolu vağzalının yaxınlığında olan dəmir yolu relslərinin kənarında baş verib. 

Mehman ailə münasibətləri zəminində baş vermiş mübahisə nəticəsində oğlu Şirvaniyə əl zərbəsi ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Mehmanın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O bildirib ki, hadisə baş verən günü gəlinin doğum günü olub:

“Mən saat 18 radələrində evə gələndə yolda dayım Sovet və dayım oğlanları Orxan və Turalla rastlaşdım. Həmin şəxsləri evimə dəvət etdim. Dayım və dayısı oğlanları ilə 1 saat oturub yemək yeydik, spirtli içki qəbul etdik. Sonra isə dayım və dayım oğlanları getdilər”.

Təqsirləndirilən şəxs qeyd edin ki, daha sonra nəvəsinin qışqırıq səsini eşidib:

“Bu səbəbdən gəlinimdən nəvəmi istəyən zaman oğlum Şirvani çıxdı, məni qışqıra-qışqıra nalayiq söyüşlərlə söydü. Ailəsinin işinə qarışmamağı tələb etdi. O, evə tanımadığı şəxsləri gətirib evdə əyyaşlıq etdiyimi bildirdi. Bundan sonra bu mövzuda aramızda mübahisə yarandı. Bunu gördükdə qonşuluqda yaşayan qardaşım Nizamini çağırdım. Nizami də Şirvani ilə Gəncə Dəmir yolu vağzalının yaxınlığında olan dəmir yolu relslərinin kənarında mübahisə etdi. Mübahisə 1-2 dəqiqə davam etdi. Həmin vaxt orada oğlum Şirvani və qardaşım Nizamidən başqa heç kim olmayıb. Həmin dava zamanı Şirvani ilə Nizaminin mübahisələri davam etdiyini gördüm. Şirvaninin üz nahiyəsinə bir dəfə şillə vurdum. Buna görə əməlimdən peşmanam. Xuliqanlıq etməmişəm və oğlum ilə barışıq əldə etmişəm. Bir daha eyni əməli törətməyəcəyimə söz verirəm”.

İş üzrə zərərçəkmiş Şirvaninin sözlərinə görə, hadisə baş verən günü həyat yoldaşının doğum günü olub:

“Həmin gün atam Mehman yaşadığımız evdə iş yoldaşlarını gətirdi, spirtli içki içdi, musiqini yüksək səslə qoyaraq məni və ailəmi narahat etdilər. Qonaqlar getdikdən sonra atama həmin şəxslərin kim olduqlarını, nə üçün yaşadığımız evə gəldiklərini soruşdum. Bu mövzuda aramızda mübahisə yarandı. Sonra evdən dəmir yolunun kənarına çıxdıq. Atam qonşuluqda yaşayan əmim Nizamini çağırdı. Bundan sonra əmim nə olduğunu soruşdu. Əmimə atamın yaşadığımız evə tanımadığımız qonaqları çığırdığını, əyyaşlıq etdiyini dedim. Əmim mənimlə mübahisə etməyə başladı. Bu zaman atam şillə ilə üz nahiyəm zərbə endirdi. Hadisə zamanı burnum yaralandı. Ancaq içkili olduğum üçün burnuma nə olduğunu xatırlamıram. Həmin vaxt orada bizdən başqa heç kim olmayıb. Həmin dava zamanı mən nə atama, nə də əmimə heç bir xəsarət yetirməmişəm”. 

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Mehmanın ittiham olunduğu Cinayət Məcəlləsinin 221-ci maddəsi həmin məcəllənin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Mehmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
 

Demokrat.az

10:12 - 12 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin