İsa bəy Hacınski Bakıya ilk avtomobil gətirən şəxsdir.
İ.Hacınski 1860-cı ildə Bakıda anadan olub. O, Bakının digər tanınmış milyonçulardan fərqli olaraq adlı-sanlı zadəgan nəslinin nümayəndəsi olub. Ona atasından miras olaraq bir neçə mülk və böyük torpaq sahələri qalır. Məhz bu sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cu ildə şəxsi neft kompaniyasını yaradır.
Bolşevik hökuməti Azərbaycanı işğal etdikdən sonra oğlanları Sadiq, Əhməd və Əli bəy Fransaya qaçırlar, qızı Zibeydə ilə həyat yoldaşı Xeyransa xanım isə heç yerə getməyib Bakıda qalırlar və sonralar buna çox peşiman olurlar…
Təmtəraqlı imarətlərindən 24 saat ərzində qovulan qadınlar Mərdəkandakı bağ evlərində də rahat yaşaya bilmirlər. Bir həftədən sonra həmin evdən də qovulan ana-balaya qohumlarından heç kəs yardım etmək istəmir. Yalnız Xeyransa xanımın yaxın qohumlarından biri onları küçədə qalmaqdan xilas edir və 1 otaqlı mənzildə milyonçu Hacinskinin qızına və həyat yoldaşına sığınacaq verir.