Qanlı dava: 18 yaşlı oğlan araq üstündə ev sahibini bıçaqladı - TƏFƏRRÜAT

 Qanlı dava: 18 yaşlı oğlan araq üstündə ev sahibini bıçaqladı - TƏFƏRRÜAT

Bakının Suraxanı rayonunda 2006-cı il təvəllüdlü Əli tanışı Aqili bıçaqlayıb. 

Asayis.Az-ın məlumatına görə, hadisə ötən ilin noyabrın 18-də baş verib.  

Əli həmin gün, gecə saat 01.30-da Aqilin onun qohumu Mahir ilə spirtli içki içmədiyinə görə nalayiq ifadələr işlətməsi, evdə olan qonağın yanında kobud rəftar etməsi və daha sonra evdən qovması səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yanıb. 

Bu zaman Əli əvvəlcə qonaq otağında olan masanın üzərindən götürdüyü şüşə stəkanla Aqili vurub, daha sonra bıçaqla xəsarətlər yetirib. 

Hadisəni törədən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Buzovna qəsəbəsində yerləşən 5 saylı peşə məktəbində oxuyur: “Hadisə noyabrın 17-dən 18-nə keçən gecə, təxminən saat 01.30-da Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən Aqilin evində baş verib. Aqil usta işləyir və bizim evdə də təmir işləri aparırıb. İndiyə kimi dəfələrlə Aqil məni evlərinə aparıb. Hətta bir neçə dəfə Aqil dayının evində qonaq qalmışam”. 

Təqsirləndirilən şəxs deyib ki, noyabrın 16-da səhər Aqil dayı onların evində təmir işlərini gördükdən sonra axşam təxminən saat 20 radələrində işini yekunlaşdırıb: “Həmin gün Aqil dayı anamdan icazə alaraq məni və Mahiri evinə qonaq apardı. Biz orada üçümüz də araq içdik. Noyabrın 17-də, axşam Aqil dayı yenə də anamdan icazə alaraq bizi evinə apardı. Sonra Aqil dayı Mahirə araq alması üçün pul verdi. Həmin gün axşam biz arağı içib qurtardıq. Bundan sonra Aqil dayı yenidən Mahiri araq alması üçün göndərdi. Biz ikinci arağı da içdik. Həmin vaxt Aqil dayıya zəng gəldi və sonra Aqil dayı üç nəfər tanışının gələcəyini dedi. Biraz sonra tanımadığımiz üç nəfər şəxs əllərində bir ədəd 1 litrlik araq ilə Aqil dayıgilə gəldi. Biraz yeyib-içdikdən sonra həmin adamlardan ikisi getdi, bir nəfər qaldı”. 

Təqsirləndirilən şəxs bildirib ki, Mahir həmin şəxslərin gətirdikləri araqdan bir dəfə içdikdən sonra artıq araq içmək istəmədiyini, onların da içməməyini deyib: “Aqil dayı da Mahirə lağ etdi, onun spirtli içki içə bilmədiyini dedi. Aqil dayıya Mahiri araq içməyə məcbur etməməyini dedim. Aqil dayı məni və Mahiri nalayiq sözlərlə təhqir etdi. Bizi söyüb evindən qovdu. Bu zaman əsəbləşərək masanın üstündə olan stəkanı götürdüm və Aqil dayının baş nahiyəsinə vurdum. Aqil dayının başından qan axdı. Mahir və orada olan digər şəxs məni sakitləşdirdilər. Bizi qapının ağzına çıxardıqlar. Aqil dayı bir daha Mahirə lağ etdi, bizi söydü, evi tərk etməyimizi dedi. Artıq bu sözü eşitdikdən sonra bərk əsəbiləşdim və masanın üzərində olan bıçağı götürərək Aqil dayının qarın hissəsinə bir dəfə vurdum. Bıçaq Aqil dayının qarnına girdi. Bıçağı geri çəkdikdən sonra yerə atdım. Bundan sonra Mahir məni zorla evdən çıxardı. Biz Mahirlə birlikdə öz evimizə getdik. Evdə hadisə barədə heç kimə heç nə demədik. Bir qədər sonra polis əməkdaşları yaşadığım evə gəldilər və şifahi sorğu zamanı etdiyim əməli səmimi olaraq etiraf etdim”. 
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əlinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. 

Ona 3 il sınaq müddəti olmaqla 3 il 3 ay şərti cəza alıb. 

Demokrat.az

13:12 - 6 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin