30 il əvvəl itkin düşən şəxsin qalıqları dəfn edildi

 30 il əvvəl itkin düşən şəxsin qalıqları dəfn edildi

Otuz il əvvəl Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Tairov Seyfulla Veytulla oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları doğulduğu Saatlı rayonunda torpağa tapşırılıb.

Asayis.Az
 xəbər verir ki, şəhid Seyfulla Tairovun nəşi Saatlı rayonunun girişində izdihamla qarşılanaraq ailəsinin yaşadığı və doğulub boya-başa çatdığı Cəfərxan kəndinə gətirilib. Şəhidlə vida mərasimi olub və cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Sonra şəhidin nəşi dəfn üçün Saatlı rayonunun Şirinbəy kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Dəfn zamanı şəhidlərimizin ruhuna dualar oxunub və “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. 

Daha sonra şəhid Tairov Seyfulla torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Qeyd edək ki, Tairov Seyfulla Veytulla oğlu 1973-cü ildə Saatlı rayonu Cəfərxan kəndində dünyaya göz açıb. Həqiqi hərbi xidmətini rus qoşunlarının tərkibində çəkən Seyfulla Vətənin dar günündə xidmətini yarıda saxlayaraq Azərbaycana qayıdıb və 1992-ci ildə döyüşlərə qoşulub. Bir çox hərbi sirlərə peşəkarcasına yiyələndiyi üçün o, müharibədə kəşfiyyatçı kimi iştirak edib. Xüsusi tapşırıqların yerinə yetirilməsində şücaət göstərib və ermənilərin baş leytenant rütbəsində olan Vardan adlı zabitini əsir götürüb. Seyfullanın döyüş tapşırıqları əsasən Füzuli rayonu ərazisində olub. 1993-cü il avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndində iştirak etdiyi döyüşdə Seyfulla itkin düşüb. Ötən bu müddətdə ailəsi ondan hər hansı məlumat ala bilməyib. İkinci Qarabağ müharibəsində torpaqlarımız azad edildikdən sonra ermənilərin törətdikləri cinayətlərin izləri açılmağa başladı. Seyfullanın nəşinin qalıqları isə ötən il oktyabr ayında Xocavənd rayonunun Edilli kəndində tapılan 12 şəxsin basdırıldığı kütləvi məzarlıqda aşkarlanıb.

Qeyd edək ki, sözügedən məzarlıqda erməni vəhşiliyinə məruz qalaraq, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə dəfn olunan 12 nəfərin qalığı tapılıb. İlkin baxışda kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdükləri şəxsləri zorakılıqla qətlə yetirib və kütləvi formada basdıraraq cinayət izlərini ört basdır etməyə çalışıblar.

Demokrat.az

14:36 - 5 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin