Bakının Suraxanı rayonunda 2001-ci il təvəllüdlü Nazim münaqişə zəminində Əkbərə xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü piyada keçidinin içərisində baş verib.
Nazim heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Əkbərin sifət nahiyəsindən 1 dəfə yumruqla vurub. Onu daş döşəməyə yıxaraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Nazimin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, hadisə baş verən gün yerüstü piyada keçidi ilə yolu keçərkən Əkbər ilə çiyin-çiyinə dəyib: “Həmin vaxt yanında olan xanımlarla birgə dörd nəfər olmuşuq. Əkbərlə çiyin-çiyinə dəydikdən sonra geriyə döndüm və ondan üzr istədim, nə qulluq edə biləcəyimi bildirdim. Əkbər isə məni itələyərək sərt şəkildə məzələndiyimi bildirdi. Bundan sonra aramızda mübahisə yarandı. Əvvəlcə Əkbər mənim, sonra isə mən onun yaxasından tutdum. Əkbərə məzələnmədiyimi və vurmaq istəmədiyimi dedim. Hadisə zamanı yanımda olan dostum Xəyal da həmin vaxt Əkbərə yaxınlaşaraq mübahisəni sonlandırmağı, yəni bir-birimizi yola verməli olduğumuzu bildirdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı içkili vəziyyətdə olsa da, Əkbəri yola verməyə çalışıb: “Əkbərdən üzr istəsəm də, sonuncu mənim yanımda olan dostum Xəyala bu hərəkəti keçdiyini, lakin mənə qarşı bu hərəkəti keçmədiyini dedi. Əkbərə yaxınlaşaraq Allaha xətir üzr istəməyimi qəbul etməsini xahiş etdim. Əkbər isə üzr istəməyimi qəbul etməsi. Bundan sonra mən də Əkbəri itələdim. Həmin vaxt Əkbər mənə yumruq atdı. Mən də geriyə çəkilərək Əkbərə yumruqla 1 dəfə zərbə vurdum. Mən elə başa düşdüm ki, yumruğumun təsirindən Əkbər huşunu itirdi. Buna görə də dostum Xəyal ilə birlikdə hadisə yerindən uzaqlaşdıq”.
Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş Nazimin sözlərinə görə, “Bakelektro” mağazasında elektrik vəzifəsində işləyir: “Hər gün səhər saat 06.30-da işə gedirəm və axşam saat 18.00-da işdən çıxıram. Hadisə günü işdən saat 18.00-da çıxdım. Xəzər rayonunda yerləşən “Şimal qres” adlanan yerdən 136 saylı marşrut avtobusuna mindim və saat 18.50-də Yeni Suraxanı qəsəbəsində yerləşən yerüstü piyada keçidinə gəldim. Yerüstü piyada keçidindən Yeni Suraxanı qəsəbəsinə keçərkən keçidin ortasında iki qızın mənə tərəf gəldiyini gördüm. Qızların sol tərəfindən keçmək istədikdə, qızların arxasınca gələn iki oğlan qızlara arxadan yaxınlaşaraq sol tərəflərinə keçdi və yol daraldığı üçün mənim sol çiynim həmin oğlanlardan birinin, sonradan adını bildiyim Nazimin sol çiyninə dəydi. Aramızda mübahisə baş verməməsi üçün Nazimdən üzr istədim. Lakin Nazim mənimlə mübahisə etməyə başladı. Bu vaxt Nazimin yanında olan qızlar oradan uzaqlaşdılar. Bundan sonra Nazim çənəmin çıxaracağını bildirdi. Mən də Nazimin yanında daha bir oğlanın olduğunu gördüm, dava-dalaş düşməməsi üçün Nazimdən yenə də üzr istədim. Bu vaxt onun qarşımda dayanmış Nazim yumruqla bir dəfə sifətimdən vurdu. Özümü saxlaya bilməyərək arxası üstə yerə yıxıldım, huşumu itirdim. Daha sonra nə baş verdiyindən xəbərim olmayıb. Bir də xəstəxanada ayıldım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Nazim 6 il müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az