"Biz matəm günlərimizi unutmalıyıq?! Bu nə yanaşmadır, Fazil Mustafa?! - ETİRAZ

Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında deputat Fazil Mustafa təqvimdən bütün matəm günlərinin çıxarılması təklifi ilə çıxış edib. 

“Qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Matəm günlərinin təqvimdən çıxarılmasına baxılmalıdır”, deyə, o qeyd edib. 

Asayis.Az xəbər verir ki, tanınmış alim,  dosent Zaur Əliyev deputatın bu fikirlərinə kəskin etirazını bildirib. O, açıqlamasında deyib ki, Azərbaycan müstəqillk əldə etdikdən sonra hazırda təqvimdə üç tarixi matəm günü kimi qeyd edirik:

“20 Yanvar – Sovet qoşunlarının törətdiyi qətliam, 26 Fevral – Xocalı soyqırımı və 31 Mart – azərbaycanlıların soyqırımı günü matəm günləridir. 

Zəfər qələbəsinə qədər isə işğal altında olan rayonları yada salırdıq, ancaq onlar matəm günü sayılmırdı.

Bu günləri ləğv etmək o deməkdir ki, biz tarixi yaddaşımızı silirik, unuduruq. Fazil Mustafa bu təklifi hansı məqsədlə edib, dəqiq deyə bilmərəm. Lakin dövlətin inkişafı, var olması üçün onun tarixi yaddaşını qoruyub, saxlamaq gərəkdir. Fazil Mustafa bu təklifi gələcəkdə Azərbaycan vətəndaşı olacaq erməniləri qorumaq üçün deyirsə, səhv edir. 1915-ci ildən bəri Cümhuriyyət dövründə də, Sovet dövründə də, indinin özündə də ermənilər qondarma soyqırımı əllərində bayraq edib, dünyaya tanıdırlar. 1965-ci ildə İrəvanda qondarma erməni soyqırımına ucaldılan abidə ilə ermənilər bu hadisəni tarixi yaddaş kimi qeyd edirlər. O zamanlar da birgə yaşayırdıq. 31 Mart soyqırımını onda kimsə yada salmırdı, amma ermənilərin uydurma soyqırım tarixi qeyd olunurdu”. 

Z.Əliyevin fikrincə, Fazil Mustafanın bu təklifi 20 Yanvar, 26 Fevral və 31 Martla bağlıdırsa, çox yanlışdır və dövlətçilik tariximizə, ideologiyamıza, gələcək siyasi xəttimizə ziddir:

“Belə çıxır ki, biz bu tarixlərdə şəhid olmuş o qədər insanı, soyqırıma məruz qalmış günahsızları unuduruq?! Bəli, qələbə günlərini keçirək. Cənab Prezident Sərəncam imzalayıb, azad olunmuş hər şəhərin öz günü var, 8 Noyabrı Zəfər Günü kimi qeyd edirik. Əgər 20 Yanvarı, Xocalını, Mart soyqırımını unuduruqsa, belə çıxır ki, hansısa dövlətin – ya Rusiyanın, ya da Ermənistanın diqtəsi ilə hərəkət edirik. Ermənilər Sovet dövründə uzun illər azərbaycanlılara təlqin etmişdi ki, may ayında toy etmək olmaz, uğursuzluq gətirir. Ermənilər may ayında türklərə qarşı soyqırım həyata keçirib, lakin özləri məğlub olub. Bununla bizi manipulyasiya ediblər uzun illər. Amma biz matəm günlərimizi unutmalıyıq?!  Belə çıxır ki, ermənilərlə birgə yaşayış olacaqsa, yaddaşımızı silməliyik? Gələcək nəsillərə bu günləri unutdurmaq lazımdır? 

Bu nə yanaşmadır, Fazil Mustafa?! Bu nə diqtədir?!”

Demokrat.az

10:24 - 3 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin