Milli Qəhrəman Riad Əhmədov dəfn edildi

 Milli Qəhrəman Riad Əhmədov dəfn edildi

Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun nəşi sentyabrın 30-da dəfn edilib. Asayis.Az xəbər verir ki, mərhumun nəşi ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, müdafiə naziri general-polkovnik Zakir Həsənov və Xarici Kəşfiyyat İdarəsinin rəisi general-polkovnik Orxan Sultanov da iştirak ediblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.




13:00 - 1 Oktyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin