“Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu işə nəzarət etməlidir” - TƏKLİF

 “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu işə nəzarət etməlidir” - TƏKLİF

Azərbaycanda zərgərlik məhsulları bazarının bir hissəsi qeyri-leqal fəaliyyət göstərir.

Asayis.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov Bakıda "Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, bu sahədə istehlakçı hüquqları kifayət qədər pozulur:

“Hesab edirik ki, zərgərlik məhsullarının əyarlanması dövlət qeydiyyatı ilə olmalıdır. Bazarda müəyyən tənzimləyici alətlərin tələblərinin tam yerinə yetirilməməsi ilə əlaqədar təkmilləşdirilmə işlərinin aparılmasına zəruri sayırıq”. 

Problemə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, qızıl bazarında hərc-mərclik hökm sürür:

“İllər öncə ölkədə Əyyar Palatası mövcud idi. Bütün qızıl partiyalarını yoxlayırdı, üzərinə romb şəkilli damğa vururdu. AİB-ə müraciət olunanda qeyd edirdik ki, hansı qızılın üzərində romb damğa varsa, ona üstünlük verin. 5 ildən çoxdur ki, Əyyar Palatası ləğv olunub. Qızıl məmulatları demək olar ki, yoxlanılmır”.

Ekspertin sözlərinə görə, qızıl bazarının təmizlənməsi kimsənin marağında deyil:

“Bu sahədə ictimai monitorinq aparmaq üçün cari ilin əvvəlində “AzəriGold” şirkətinə müraciət etdim. Lakin müsbət bir cavab almadım. Ən pisi də odur ki, Nazirlər Kabinetin 114 saylı Qərarına görə qızıl məmulatları və qiymətli metallar dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Düzdür, bizə daxil olan şikayətlərin həllinə nail oluruq, lakin NK-nin müvafiq Qərarı istehlakçılara problemlər yaradır. Düşünürəm ki, həmin qərar mütləq dəyişdiriməlidir”. 

E.Hüseynov ölkədə saxta qızıl satışının qarşısının alınması üçün konkret işlərin görülməli olduğunu vacib hesab edir:

“Bu sahəyə nəzarəti Daxili İşlər Nazirliyi yanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirə bilər. Bu qurum şəffaf çalışır və gördüyü işləri ictimailəşdirir. Görünür, bu işə nəzarət edən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qızıl bazarının tənzimlənməsində maraqlı deyil. 

Qızıl məmulatı almaq istəyənlərə AİB-nin ekspertləri tam təmənnasız hüquqi yardım göstərə və məhsul almaqda kömək edə bilər. Qızıl məmulatı alarkən mütləq kassa çeki tələb etmək lazımdır. Şübhəli vəziyyət olarsa, vətəndaşlar hökmən Daxili İşlər Nazirliyinə müraciət etsinlər. İstehkçıların hüquqlarının Müdafiəsi haqqında qanuna görə istehlakçının satıcıdan malın sertifikatını tələb etmək hüququ var. Satıcı bunu göstərməyə borcludur”.

14:00 - 30 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin