Sumqayıt şəhərində 2003-cü il təvəllüdlü Nurlan aralarında yaranan mübahisə zamanı Fəridi bıçaqlayıb.
Asayis.Az-ın məlumatına görə, hadisə 16 oktyabr 2021-ci ildə, saat 21.20-də Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində yerləşən “14 mərtəbə” deyilən binanın yaxınlığındakı “İçəri şəhər” kafesinin arxa hissəsində yerləşən parkda baş verib.
Orada Nurlan Fərid ilə aralarında yaranmış mübahisə zəminində üstündə gəzdirdiyi bıçaqla onu vurub.
Hadisəni törədən Nurlanın barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci il oktyabrın 16-da tanışı Hüseynin doğum günü olduğundan saat 18 radələrində “Brend House” restoranında tanış dostları ilə doğum günü məclisinə toplaşmışıblar: “Saat 20 radələrindək orada yeyib spirtli içki qəbul edərəl bərk sərxoş oldum. Oradan çıxıb “Kimyaçılar” mədəniyyət evinin arxa tərəfindəki parkla gedərkən dostlarım Etibarla Sadiqin yolun kənarında iki nəfər şəxslə dalaşdığını gördüm.
Qaçaraq özümü onlara çatdırdım və aralarında mübahisə yarandı. Bu zaman sonradan Fərid kimi tanıdığı şəxs məni itələdi və mənə qarşı nalayiq ifadələr işlətdiyi üçün əsəbləşdim. Üzərimdə olan və həmin günü mənə hədiyə kimi dostlarım tərəfindən verilən bıçaqla onun bud və sinə nahiyyəsindən zərbələr vurdum. Fəridi bıçaqla vurduqdan sonra qorxduğumdan bıçağı orada olan otluq əraziyə ataraq hadisə yerindən qaçdım”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Nurlan 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Demokrat.az