Ermənilərin Xankəndidəki evləri satmaq hüququ yoxdur - AÇIQLAMA

 Ermənilərin Xankəndidəki evləri satmaq hüququ yoxdur - AÇIQLAMA

"Qarabağ ərazisində yaşayan ermənilərin faktiki olaraq daşınmaz əmlak satmaq hüququ yoxdur. Artıq Azərbaycan ordusu ərazi bütövlüyünü bərpa edib və həmin ərazilər Azərbaycan torpağı olduğuna görə orada bütün rəsmi sənədləşmə işlərinin hamısı Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. İlk növbədə, mülkiyyət hüquqlarının tanınması prosesi olmalıdır".

Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a tanınmış əmlak eksperti Elnur Fərzəliyev deyib.

 Qarabağdakı ermənilərin mülklərini satacağı barədə yayılan fikirlərə münasibət bildirən ekspert bunun uzun proses olduğunu bildirib:

"90-cı illərin əvvəllərində məcburi köçkünlərimiz Qarabağdan Bakıya gəldilər, müxtəlif ərazilərdə yaşadılar, həmçinin onlar boş evlərə girdilər, hansının ki, sahibləri var idi. Həmin evlərin sahiblərinin böyük əksəriyyəti mənzillərini görmədən dünyasını dəyişdi, 30 ildən artıq müddət keçib.  

Həmin evlərdə məcburi köçkünlər torpaqlar azad edilənə qədər yaşaya bilərdilər, amma həmin əmlaklar heç bir halda onların adına rəsmiləşmir, çünki onların sahibləri var və evləri satmaq hüquqları yoxdur. Bu gün də məcburi köçkünlər üçün tikilən evlərdə yaşayanlara çıxarış verilməyib, onlar müqavilə əsasında həmin evlərdə yaşayırlar. Nəzərdə tutulub ki, nə vaxtsa torpaqlar alınanda orada evlər tikiləcək və verilən evlər məcburi köçkünlərdən alınacaq və hər hansı sosial layihələr üçün istifadə ediləcək.

Həmçinin ermənilər də Qarabağ ərazisinə digər yerlərdən, başqa ölkələrdən gəliblər. Say çoxaltmaq üçün zamanında Qarabağa erməni yığıblar. Xankəndindən çıxıb Laçın buraxılış məntəqəsindən keçən ermənilərin çoxu Rusiya vətəndaşıdır, sadəcə say şişirtmək məqsədilə həmin ərazilərə aidiyyəti olmayan insanları gətirib ora yığıblar. Bu gün də Azərbaycan ərazisində əmlakı olan bir erməninin əmlakını sata bilməsi üçün mütləq çıxarışı olmalıdır. Artıq istər Ermənistanın, istərsə qondarma rejimin oradakı ermənilərə verdiyi bütün rəsmi sənədlər öz hökmünü itirib. Söhbət Azərbaycan ərazisindən gedirsə, burada baş verən bütün alqı-satqı prosedurları mülki hüquqla tənzimlənməlidir".

E. Fərzəliyevin sözlərinə görə, ermənilərin evlərini kiməsə sata bilməsi müşkül məsələdir:

"Bu gün həmin ərazini erməni kimə sata bilər? Hansısa xarici gəlib oradan ev almaz. Həmin ermənilər Azərbaycan Respublikasına müraciət edib xahiş etməlidir ki, bizim mülkiyyət hüququmuzu tanıyın. Mən düşünürəm ki, hansı əmlaklarda Birinci Qarabağ Müharibəsindən əvvəl ermənilər yaşayıbsa, orada qalmağa davam etmək istəyirsə, dövlətimiz humanistlik göstərib onların mülkiyyət hüququnu təsdiqləyər. Digər sonradan gələnlərsə necə ki, torpaqlarımızı işğal etmişdilər, o cür də əmlaklarımızı işğal edib, orada yaşayıblar.

Hələ ki, bu proseslər üçün vaxt var. Hazırda həmin ərazilərdə müəyyən işlər gedir, bu işlər bitdikdən sonra yəqin ki, dövlət mülkiyyət hüququ ilə bağlı proseslərə start verəcək.

Bundan əlavə, həmin əmlakları baha qiymətə kiməsə satmaları çox çətindir. Dünya təcrübəsində də belə bir qanun var, hansı ərazilərdə münaqişə varsa, orada sülhməramlı varsa, həmin zonadakı əmlakların qiyməti normal dövrdən ən azı 2-3 dəfə aşağı olur.

Yəni Xankəndində bir evin qiyməti 2020-ci ilə qədər 40 min manat idisə, bu gün həmin əmlakın satış qiyməti maksimum 10-15 min manat olacaq. Çünki heç kəs risk edib o pulu verib həmin ərazidən ev almaz. Alan da azərbaycanlılar olacaq. Amma hansı evlər ki, əvvəllər azərbaycanlıların olub onlar birmənalı şəkildə vətəndaşlarımızın  özünə qaytarılacaq".

11:24 - 27 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin