Azərbaycan Ordusu Qarabağda lokal antiterror tədbirləri başladıb. Belə vəziyyətlərdə vətəndaşlardan ayıq-sayıq olmaq, sosial şəbəkələrdə hərbi sirr sayılan məlumatları yaymamaq, hərbi qüvvələrin, texnikanın, canlı qüvvənin yerləşməsi, hərəkəti ilə bağlı şəkil, video və s. paylaşmamaq tələb olunur.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən tanınmış vəkil Tural Həsənli deyib ki, hərbi sirrin nə olduğu müvafiq qanunda öz əksini tapıb:
“Qanunda qeyd olunan məlumatların yayılması məsuliyyət yaradır. Belə halların qarşısını almaq üçün cəmiyətdə ciddi marifləndirmə aparılmalıdır ki, insanlar hərbi sirrlə, adi məlumatı biri-birindən ayıra bilsinlər. Vətəndaşlar, jurnalistlər, blogerlər, sosial şəbəkədə aktiv platformalar maksimum diqqətli olmalıdırlar.
Aydındır ki, müharibə təkcə döyüş meydanında getmir. İnformasiya savaşı da müharibənin bir növüdür. Döyüş meydanında qələbə çalmışıq, amma informasiya savaşı davam edir. Vətəndaşlar yalnız rəsmi məlumatları yaya, ona istinad edə bilərlər. Burada ifadə azadlığının məhdudlaşdırılmasından söhbət getmir, bütün dünyada belədir, hərbi sirri yaymaq olmaz”.
T.Həsənli qeyd edib ki, bəzən həqiqəti əks etdirməyən məlumatların yayılmasının şahidi oluruq:
“Bu isə özü-özlüyündə böyük problemlərə səbəb olur. İctimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər istintaq orqanlarına cəlb olunur və qanunauyğun tədbirlər görülür. Dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.
Ekspert bildirib ki, "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən məlumatları yayan şəxslərin məsuliyyətə cəlb olunması qanunauyğundur:
“Həmin qanunun məqsədi dövlət sirri təşkil edən məlumatların yayılmasının qarşısını almaqdan, bir növ həmin məlumatları mühafizə etməkdən ibarətdir. Qanuna görə, dövlət sirri dedikdə, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar başa düşülür.
Cinayət Məcəlləsinə əsasən dövlət sirrini yayma üç ildən altı ilədək, eyni əməllər ağır nəticələrə səbəb olduqda isə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması inzibati məsuliyyət yaradır.
Bu halda fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir”.