Ermənistan Silahlı Qüvvələrinin Hazırlıq Baş İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini tərəfindən hərəkətsizlik nümayiş etdirilməsi işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, ittiham olunan şəxs 44 günlük müharibə zamanı özünün və tabeliyində olan şəxslərin həyatı üçün bilavasitə təhlükəni zərərsizləşdirməkdə şəxsi maraqlarından çıxış edib, hərəkətsizlik nümayiş etdirib, tabeliyində olanlara geri çəkilmə əmri verib.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, o, Zəngilanda olan qrupu Qafana qaytarıb və bu cür fəaliyyətlər nəticəsində mühasirəyə düşmüş 62 nəfərlik qrup Azərbaycan Ordusu ilə qeyri-bərabər döyüş şəraitində köməksiz qalıb, 62 nəfərlik qrupun 40 hərbi qulluqçusundan 5-i əsir düşüb, 12-si öldürülüb, qalan 23 hərbi qulluqçunun, eləcə də 1 avtobus sürücüsünün olduğu yer bu günə qədər məlum deyil.
Bundan başqa, qeyd olunub ki, “N” saylı hərbi hissənin komandiri olan A.A. 2020-ci il oktyabrın 20-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini A.M.-dan şəxsi heyəti Zəngilan rayonunun Qaragöl kəndinin yaxınlığında yerləşən əraziyə çıxarmaq tapşırığı alaraq xidmətə qarşı səhlənkar münasibət göstərib, Ermənistan müdafiə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş hərbi nizamnamənin tələblərinə əməl etməyib və belə hərəkətlər ehtiyatsızlıqdan maddi nəticələrə səbəb olub.
Bildirilib ki, ibtidai istintaq yekunlaşıb və cinayət işi ittiham aktı ilə birlikdə prokurorluğa göndərilib.