“Azərbaycana qarşı təzyiqlər var. Heç kim heç nəyi boynuna almır, üzdə bir söz deyirlər, arxada isə başqa sözlər. Lakin təzyiqlər mövcuddur. Dünən G20 sammitində Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağla bağlı məsələyə toxundu və qeyd etdi ki, Xankəndidə gedən hadisələr düzgün deyil və biz bu təkliflərin heç birini qəbul edən deyilik. O, ultimatum formasında fikirlərini çatdırdı”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Millət vəkili son günlər Ermənistan və Azərbaycan arasında baş verən gərginliyin yenidən artması fonunda Zəngəzur dəhlizinin güc yolu açılması məsələsinə münasibət bildirib.
V. Əhmədov xatırladıb ki, 1 həftə bundan qabaq Prezident R. T. Ərdoğan belə bir ifadə işlətmişdi ki, Zəngəzur dəhlizi bu il açılacaq:
“Deməli, Ərdoğanın dünyada sözü keçən bir lider olduğunu nəzərə alsaq, Zəngəzur dəhlizinin açılmasına inanıram. Təfərrüatlar barəsində bir şey deyə bilmərəm, lakin ilin sonuna bu müsbət hadisə baş verəcək”.
“O ki qaldı dəhlizin açılmasının müharibə yolu ilə olub-olmamasına, birincisi, bu gün Ermənistanın özündə vəziyyət kəskindir, Rusiya Nikol Paşinyanı devirmək istəyir və erməni müxalifəti müəyyən mitinqlər təşkil edir. İkincisi isə Qarabağdakı “prezident seçkiləri”ndə “seçilən” Samvel Şahramanyan söylədi ki, guya Qarabağın statusu olmalıdır və s. Cənab Prezident isə bildirmişdi ki, status zibilliyə atılıb və Azərbaycan heç vaxt buna razı olmayacaq. Hazırda belə bir müəmmalı məsələlər var. Eləcə də Paşinyanın Qərbə üz tutub Rusiyadan öz döndərməsi nəticəsində baş verən proseslərdə görünən odur ki, ona bu məsələdə hansısa vədlər verilib. İndi bu, Fransa və digər dövlətlər ola bilər, eyni zamanda Hindistandan İran vasitəsilə Ermənistana silah daşınması, İranın Naxçıvan ətrafına qoşunlarını yığması və s. buna aiddir”, – deyə o, əlavə edib.
Müsahibimiz diqqətə çatdırıb ki, Ermənistan tərəfi mütəmadi şəkildə sərhəddə və Qarabağda atəşkəsi pozur:
“Burada kifayət qədər maraqlı qüvvələr var ki, Ermənistanla Azərbaycan arasında gərginlik yaransın, müharibə vəziyyəti olsun və s. Lakin Prezident İlham Əliyevin apardığı siyasət bəllidir. Dövlət başçısı sülh siyasəti aparır, çalışır ki, sülh müqaviləsi imzalansın. Bundan sonra sərhədin delimitasiya və demarkasiyası məsələsi yekunlaşsın və nəticədə Qarabağdakı ermənilər vətəndaşlığımızı qəbul etməklə məsələ bitsin. Lakin maraqlı qüvvələr buna imkan vermirlər”.
Milli Məclis üzvünün fikrincə, Zəngəzur dəhlizi açılacaq:
“Bunun açılmasının tərəfdarları kifayət qədər çoxdur, nəinki əleyhdarları. Ola bilər ki, İran, Ermənistan, Hindistan, Fransa və digərləri bunun əleyhinədir, lakin Çin kimi bir dövlət bu dəhlizin açılmasını istəyir, Rusiya buna etiraz etmir. Qısası, dəhlizin açılması labüddür və inanmıram ki, dəhlizlə əlaqədar Azərbaycana hansısa təzyiqlər edilsin”.
Həmsöhbətimiz düşünür ki, güc tətbiqi indiki məqamda problemlər yarada bilər:
“Çünki onlar heç nə olmasa da belə, “humanitar yardım” adı ilə dünyada hay-küy salıblar. Onları bu məsələdə müdafiə edənlərlə yanaşı, onlara kömək edənlər də var. Ona görə də Zəngəzur dəhlizinin açılmasının güc yolu ilə baş tutacağına inanmıram. Lakin Qarabağla bağlı məsələdə hər şeyə hazır olmalıyıq. Sülh danışıqları yekun sənədlə nəticələnməyənə qədər ehtiyatı əldən verməməliyik”.