İran diplomatlarının olduğu təyyarəni vuran erməniləri niyə cəzalandırmadı ? - Tarixi fakt

 İran diplomatlarının olduğu təyyarəni vuran erməniləri niyə cəzalandırmadı ? - Tarixi fakt

17 mart 1994-cü ildə İran İslam Respublikasının Hərbi-Hava Qüvvələrinə məxsus “Lockheed C-130 Hercules” tipli hərbi-nəqliyyat təyyarəsi Qarabağ səması üzərində, Xankəndi şəhəri yaxınlığında, Xocalı rayonunun Ballıca kəndində Ermənistan silahlı qüvvələri tərəfindən “Osa” zenit-raket kompleksi ilə vurulub. 
 

Nəticədə 19 sərnişin və 13 ekipaj üzvü olmaqla təyyarənin göyərtəsində olan 32 nəfərin hamısı həlak olub. Xüsusilə qeyd etməkdə məna var ki, 19 sərnişinin 9-u uşaq idi. Sərnişinlər İran İslam Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin əməkdaşlarının ailə üzvləri idilər. Təyyarə “Domodedovo” (Moskva) – “Mehrabad” (Tehran) beynəlxalq hava limanları arasında reys yerinə yetirirdi.

Qarşıdan İranda və Azərbaycanda böyük təntənə ilə qeyd olunan, bizim xalqların ortaq bayramı olan Novruz bayramı gəlirdi. Bu dinc, heç bir günahı olmayan, məsum insanlar sevinc içində öz Vətənlərinə – doğmalarının yanına bayramı qeyd etməyə gedirdilər, ancaq onlar bir anda amansız erməni terroruna qurban getdilər...

Pilotların son sözü...

Təyyarə onun üçün müəyyənləşdirilmiş uçuş zolağından kənara çıxmazdan və Dağlıq Qarabağ üzərindəki hava sahəsinə daxil olmazdan öncə ekipaj dispetçerlə əlaqə saxlayaraq texniki problemlər olduğunu bildirir. Bir müddət sonra isə təyyarə qəzaya uğrayır.

Qarabağın Gürcüstanla sərhədi var imiş...

İran təyyarəsinin vurulması barədə məlumatı geniş ictimaiyyətə Ermənistan tərəfdən ilk olaraq hazırda siyasi şərhçi kimi çıxış edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın siyasi analiz üzrə müşaviri və xarici işlər nazirinin birinci müavini Jirayr Liparityan açıqlayır. O, tələm-tələsik keçirdiyi mətbuat konfransında təyyarənin İrana Rusiya, Gürcüstan və Ermənistan üzərindən keçməklə çatmalı olduğunu bildirir. Ancaq qeyd edir ki, təyyarə kursdan təqribən 100 km şərqə doğru yayınıb və Gürcüstan hava məkanını tərk edərək Ermənistan hava məkanı üzərində deyil, Dağlıq Qarabağda döyüş əməliyyatlarının getdiyi bölgə üzərində (?) peyda olub. J.Liparityan həyəcandan elə yalan danışır ki, bu, mətbuat konfransında iştirak edənlərin təəccübünə səbəb odur. Jurnalistlər Dağlıq Qarabağın Gürcüstanla sərhədinin olmamasını ona xatırlatdıqda J.Liparityan sadəcə, cavab verə bilmir.

İranın Moskvadakı səfirliyi təyyarə qəzasında 9 uşaq da daxil olmaqla 19 sərnişinin və 13 nəfər heyət üzvünün hamısının həlak olduğunu açıqlayır. Həlak olan İran vətəndaşlarının qalıqları Ermənistana aparılır və İrəvandakı “Zvartnots” beynəlxalq hava limanından Tehrana göndərilir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyan və baş nazirin müavini Vigen Çiteçyan iştirak edir.

Komissiya erməni yalanını qəti şəkildə rədd edir

Faciənin baş vermə şəraitini aydınlaşdırmaq üçün İran Hərbi-Hava Qüvvələrinin xüsusi komissiyası yaradılır. Komissiyanın rəhbəri Abdat Aminian Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanın təyyarənin idarəetməni itirməsi və uçuş-idarəetmə sisteminin nasazlığı səbəbindən yerə çırpılması barədə versiyasını qəti şəkildə rədd edir. İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “təyyarənin kursdan yayındıqdan sonra naməlum səbəblərdən havada partladığını” bəyan edir.

Abdat Aminian bildirir ki, təyyarə erməni silahlı birləşmələri tərəfindən atılan iki raketlə vurulub. Komissiya rəhbəri əlavə edir ki, erməni tərəfi baş vermiş hadisəyə görə məsuliyyəti öz üzərinə götürmür, ancaq onun qoşunlarının İran hava gəmisini Azərbaycan təyyarəsi kimi qəbul etdiklərini və hətta onun kimə məxsus olduğunu aydınlaşdırmaq üçün ekipajla əlaqə qurmağa cəhd etmədiklərini etiraf edir.

İran Xarici İşlər Nazirliyinin Hərbi-Hava Qüvvələri komissiyasının işinin nəticələrinə dair yaydığı rəsmi bəyanatda hərbi-nəqliyyat təyyarəsinin məhv edilməsinə görə məsuliyyət erməni qüvvələrinin üzərinə qoyulur. Bəyanatda İranın iddia qaldırmaq və faciə qurbanlarına görə təzminat alma hüququnu özündə saxladığı qeyd olunur. Həmçinin, Ermənistan rəhbərliyi hava gəmisinin məhv edilməsinə görə məsuliyyət daşıyanları müəyyənləşdirməyə və cəzalandırmağa çağrılır.

“Biz elə indicə Azərbaycan hərbi təyyarəsini vurduq”

Azərbaycanın o dövrdə mövcud olan Milli Təhlükəsizlik Nazirliyi İran tərəfinə təyyarənin vurulduğu gün Azərbaycan kəşfiyyatı tərəfindən ələ keçirilən radiodanışığı təqdim edir. Səs yazısında frazalardan biri bu idi: “Biz elə indicə Azərbaycan hərbi təyyarəsini vurduq”. Azərbaycan kəşfiyyatı hava gəmisinin “Osa” özüyeriyən zenit-raket kompleksi ilə vurulduğunu hesab etdiyini bildirib. Bir sıra rusiyalı ekspertlər İran təyyarəsinin kəşfiyyat missiyası yerinə yetirmək üçün kursdan yayındığını güman edirlər, lakin İran Xarici İşlər Nazirliyi bu fərziyyələri rədd edir.

Cəzalandırılma olmadı...

İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani 1994-cü ilin mayın 3-də Tehranda Ermənistanın vitse-prezidenti Qaqik Arutyunyanla görüşərkən təyyarənin məhv edilməsində iştirak edənlərin cəzalandırılmasını tələb edir. Arutyunyan Tehranı tərk etməzdən əvvəl İran təyyarəsinin “səhvən” məhv edilməsi faktını etiraf edir, lakin bu səhvə yol verənlərin kimliyini açıqlamır.

“Human Rights Watch”ın bu insidentlə bağlı yaydığı açıqlamada deyilirdi: “Müharibə qanunlarına görə Qarabağ ermənilərinin silahlı birləşmələri hava gəmisinə zərbə endirməzdən əvvəl onun kimə məxsus olduğunu müəyyən etməli idilər. Onların hava gəmisinin identifikasiyası üçün mövcud olan bütün vasitələrdən istifadə etməməsi humanitar hüququn ciddi pozuntusudur”.

Beləliklə, 32 günahsız İran vətəndaşlarının ölümündə iştirak edənlər cəzasız qaldı. Aydın məsələdir ki, İran Hərbi-Hava Qüvvələrinə məxsus təyyarəni vuran “Osa”nı idarə edən hərbçilər özbaşına deyildilər. Mülki təyyarənin vurulması əmri onlara yuxarı komandanlıq tərəfindən verilmişdi. Həmin vaxt Qarabağda bu yuxarı komandanlığı Robert Köçəryan təmsil edirdi. O, 1992-ci ilin avqustundan qondarma “dqr”in müdafiə komitəsinin sədri və qondarma rejimin “baş naziri” idi...

Beləliklə, yaxın tariximizin İranda xatırlanmağa çox da ehtiyac duyulmayan bu səhifəsini birgə çevirdik. Daha çox iranlı xanım jurnalistə ünvanlanan bu faktı xatırlatmaqda məqsəd İranın qonşuluğunda özünü “dqr” adlandıran belə separatçı, qanunsuz və terrorçu rejimin mövcud olmasının əslində İran İslam Respublikasının milli təhlükəsizliyini ciddi təhdid etməsini diqqətə çatdırmaq idi. Əsl separatçı, terrorçu və işğalçı rejimin kim olduğuna dair nəticə çıxarmağı isə qarşı tərəfin öhdəsinə buraxırıq.

23:55 - 3 May 2022

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin