“Bakıda yağış yağanda çox yerlərin su basmasının əsas səbəbi şəhərin kommunikasiya sisteminin problemli olmasıdır. Eləcə də şəhərin baş planı deyilən bir anlam var ki, şəhərin tikintisi o planla həyata keçirilir. Lakin Bakının altından keçən kommunikasiya xətləri əvvəllər 1 milyon əhali üçün hesablanmışdı. İndi isə paytaxtda 4 milyona yaxına dam yaşayır. Bunu çatdırmaq mümkün deyil”.
Asayis.Az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış memar Fəxrəddin Miralay deyib.
O, paytaxt Bakının ən böyük problemi olan yağışdan və onun yaratdığı fəsadlardan söz açıb.
Xatırladaq ki, son günlər havaların yağmur keçməsi paytaxt ərazisində fəsadsız ötüşməyib. Belə ki, şəhərətrafı ərazidə yerləşən “Binə” və “Sədərək” bazarları yağan yağış nəticəsində sular altında qalıb. Nəticədə bir çox sahibkarların da mallarına külli miqdarda ziyan dəyib.
F. Miralay söyləyib ki, bu gün şəhərdə yer suvarılır və sular kanalizasiyaya tökülür:
“Bu gün şəhərin bəzi yerlərinin su basmasına səbəb həm də kanalizasiya sistemlərindəki baxımsızlıq üzündəndir. Çünki bir çox kanalizasiya xətlərinin içərisi yarpaq, kağız-kuğuz, siqaret kötüyü ilə dolur. Bu da suyu lazımi qədər axıda bilmir və gölməçələr əmələ gəlir. İndi buna hökumət nə etsin? Bu, bizdən asılı məsələdir ki, zibili hər yerə atmayaq. Bu, xalqın maariflənməsi üçün vacibdir. Biz isə hələlik maariflənməmişik. Suyu necə gəldi açırıq, axırına baxmırıq”.
“O ki qaldı “Sədərək” bazarındakı subasmaya, o bazar tikiləndə gərək bir az yüksəklikdə tikiləydi, yaxud da oraya torpaq doldurmalıydılar. Memarlıqda belə bir anlam var. Yol tikəndə belə 3 metr qalınlığında torpaqla ərazi doldurulur. Nə olardı ki, “Sədərək”in də yiyəsi simiclik etməyəydi? Bu gün yağış yağmasa belə, Xəzər dənizi mütəmadi olaraq qalxıb-enir. Xəzər hələlik enməkdədir, bəs sabah qalxanda bunlar nə edəcək? Bütün qrunt suları o ərazilərə dolacaq. Ona görə də bu bazarı tikən adamın ağlı başında olaydı ki, həmin ərazidə belə şeylər tikməyəydi”, – o, əlavə edib.
“Dərnəgül yolundakı subasmaya gəldikdə isə burada hamımızın səhvi var. Çünki Dərnəgül yolunu türklər tikib. Türkiyədə isə belə şeylərə fikir vermirlər. Bir də görürsən ki, çayın ortasında ev tikirlər, axırda da sel gəlib aparır. Onlar ev tikəndə bəzi göstəricələrə baxmırlar. İndi də Dərnəgüldə eyni vəziyyətdir. Tuneldə balaca suaxıtma sistemi qurublar, güclü yağış yağanda da onun gücü çatmır. Qısacası, bu məsələdə hamımızda günah var. Hər kəs də günahı bir-birinin üstünə atacaq. Səlahiyyətlər burada düzgün bölünməyib”, – müsahibimiz fikirlərini tamamlayıb.