Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirib ki, istehlakçılar tərəfindən qida məhsullarının daşınması və çatdırılması ilə bağlı quruma şikayətlər daxil olur. Qeyd olunub ki, qida məhsullarının daşınması və çatdırılması sahəsində bir sıra ciddi nöqsanlar var. Əsasən qida məhsullarının daşınması və müştərilərə çatdırılması zamanı gigiyena qaydaları və temperatur rejimi pozulur. Mal qonşuluğu qaydalarına əməl olunmur. Həmçinin emal edilmiş yarımfabrikat və hazır yeməklərin üzərində hazırlanma vaxtı yazılmır. İstifadə olunan alət və avadanlıqlar dezinfeksiya edilmir, xammal kimi istifadə müddəti bitmiş və mənşəyi məlum olmayan məhsullardan istifadə edilir, işçi heyət ilkin və dövri tibbi müayinədən keçirilmir. Bu hallarsa istehlakçıların ciddi narazılığına və onların səhhətində problemlərin yaranmasına səbəb olur.
Qidaların daşınması, çatdırılması və saxlanılmasında hansı normalara riayət olunmalıdır?
Müvafiq sahədə əməl olunmalı qaydalarla bağlı Asayis.Az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, isti qidalar isti zəncir üzrə, soyuq qidalar isə soyuq zəncir üzrə daşınmalı və çatdırılmalıdır:
“Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində də qeyd olunduğu kimi soyuq qidaların xammalı tarladan istehlakçıların masasına çatana qədər izlənilməlidir. Lakin 26 il ərzində istehlakçılardan gələn çoxsaylı şikayətlər, eləcə də monitorinqlər göstərir ki, qidaların saxlanılmasında problemlər qalır. İstifadə müddəti bitməmiş qatığın, yoqurtun göyərdiyini görürük. Çünki qidaların soyuq zəncir üzrə daşınması və saxlanılması qaydalarına əməl edilmir. Bəzən səhərlər marketlərdən pis qoxu gəlir. Enerjiyə qənaət etmək üçün gecələr soyuducuları söndürürlər. Qidalar artıq xarab olmağa başlayır”.
Ekspert qeyd edib ki, hər bir qidanın öz saxlanma temperaturu var:
“İki il AQTA yanında İctimai Şuranın üzvü oldum. Dəfələrlə məsələ qaldırdım ki, soyuducuların və qidaların saxlanma vəziyyətilə bağlı monitorinq aparılmalıdır, lakin dəstək verilmədi. Əminəm ki, qidalar soyuducuda uyğun temperatur üzrə saxlanılmır. Müxtəlif qidalar eyni soyuducuda saxlanılır, halbuki saxlanma temperaturları fərqlidir”.
E.Hüseynov bildirib ki, qidaların düzgün saxlanılmaması insan orqanizminə mənfi təsir edir:
“Qidaların küçədə, avtomobilin baqaj yerində saxlanmasını, daşınmasını görürük. Qida istehlakçıya çatana qədər zəncirin müəyyən bir hissəsində çirklənə bilər, o artıq təhlükəli qida hesab olunur. Təəssüf ki, AQTA qidaların daşınması və saxlanılmasına ciddi nəzarət etmir. Vətəndaşlar qayda pozuntuları ilə rastlaşdıqda mütləq agentliyə məlumat verməlidirlər”.