Naxçıvan gömrükçüləri tərəfindən daha bir fakt üzrə narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komtəsindən verdiyi xəbərə görə, MR ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına ferrosilikon yükü aparan 72AA511/72AA512 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsi Culfa dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında rentgen qurğusundan keçirilməklə yoxlanılıb. Analiz zamanı su və yanacaq çənlərində şübhəli təsvirlər müəyyən edildiyindən nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.
Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinə fiziki gömrük baxışı həyata keçirilən zaman yanacaq və su çənlərində süni olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş gizli saxlanc yerlərindən xalis çəkisi 307 kiloqram 900 qram olan maye halında psixotrop maddə - metamfetamin aşkarlanıb.
Faktla bağlı Naxçıvan MR Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsinə (Qaçaqmalçılıq) uyğun olaraq cinayət işi açılıb.