“Bakı-Astara” qatar reysinin bərpasına nə mane olur? - RƏSMİ AÇIQLAMA

 “Bakı-Astara” qatar reysinin bərpasına nə mane olur? - RƏSMİ AÇIQLAMA

“Bakı-Balakən”, “Bakı-Astara” qatarlarının yenidən fəaliyyətə başlaması bu istiqamətdə olan dəmir yolu xətlərində əsaslı təmir-bərpadan sonra mümkün olacaq. 

Asayis.Az
 bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları’’(ADY) Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma departamentinin icraçı rəhbəri Azər Fərəcov “APA-Ekanomiks”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkədaxili sərnişindaşımanın bərpa edilməsi sərnişinlərin ən çox səsləndirdiyi istəkdir: “Bizə ən çox verilən suallardan biri də Bakı-Böyük Kəsik-Bakı və Bakı-Balakən-Bakı marşrutları üzrə köhnə yataq tipli vaqonlardan ibarət qatarların hərəkətinin bərpa edilməsi ilə bağlıdır. İnsanların arzu və istəklərini yaxşı başa düşürük. Xüsusi ilə də uzaq bölgələrdə yaşayan əhali üçün qatarla Bakıya gəlib-getmək daha əlverişlidir. Biz ilk öncə həmin marşrutlar üzrə dəmiryol xətlərində əsaslı təmir-bərpa işlərini aparmalıyıq. Bu məsələ üzərində düşünürük, iqtisadi layihələndirmə işlərini apardıqdan sonra yekun qərar verilə bilər”.

A.Fərəcov bildirib ki, ölkədaxili sərnişindaşımanın bərpa edilməsi, xüsusilə Bakı-BöyükKəsik, Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama istiqamətlərində qatarların xəttə buraxılması ən çox səsləndirilən istəklərdəndir. “Eyni zamanda, sərnişinlərimiz uzaq mənzillərə səyahətlər üçün yataq tipli gecə qatarlarının fəaliyyətinin də bərpa edilməsini arzulayırlar. Bildiyiniz kimi, sürətli qatarlarda bu tip vaqonlar mövcud deyildir. Bununla yanaşı, sürətli qatarlarla mənzilbaşına daha tez çatmaq mümkün olduğundan yataq tipli qatarların istifadəsinə o qədər də ehtiyac qalmır”.
 

Demokrat.az

17:23 - 7 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin