Bakıətrafı ərazilərdə çaqqalların sayının artması narahatlıq yaradıb. Xüsusən Zabrat qəsəbəsinin sakinləri çaqqal sayının artmasından şikayətlənirlər. Onlar bu yırtıcıların həyətlərə hücum etdiklərini bildirirlər.
Asayis.Az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərov çaqqalların yayılmasının səbəblərindən danışıb.
Alim bildirib ki, çaqqalların yayılma səbəbləri hələ tam öyrənilməmiş sahədir: “Əvvəllər çaqqallar Böyük Qafqaz dağlarından şimala, heç Dağıstan tərəfə də keçmirdilər. Amma indi nəinki Dağıstan, ən şimala - Finlandiyaya qədər gedib çıxıblar. Səbəbləri tam öyrənilməsə də, bildirilir ki, çaqqalların yayılmasının əsas səbəbi məişət tullantılarının vaxtında utilizasiya olunmamasıdır. Ətrafda çaqqallar üçün məişət tullantıları formalaşır, bu da onların asan yem mənbəyidir. Çaqqal yırtıcı heyvandır. Əslində, onun işi çöldə ov ovlamaqdır. Qamışların arasında quşları tutur, çəyirtəkədən tutmuş siçanabənzər gəmiricilər, xırda heyvanlara qədər ovlaya bilir. Çaqqallar adətən sürü şəklində yaşayır, hansısa heyvanı tutub ovlaya bilirlər. Ən çox “leşçi”dirlər. Yəni digər vəhşi heyvanların ovladıqları leşləri, qalıqları yeyirlər. Əslində, bununla çaqqallar təbiətdə bir növ sanitar rolunu oynayırlar, tullantıları yığışdırırlar. Şəhərlərə, kəndlərə gəlmələri isə əsasən məişət tullantılarının ətrafda tökülüb qalması ilə bağlıdır. Tullantılar vaxtında təmizlənsə, çaqqalların yeməyə bir şeyləri olmasa, artıq şəhərdə, kənddə nə işləri var?”
E.Əsgərovun sözlərinə görə, Abşeron Milli Parkında da çaqqallar var: “Xəzər sahili boyu qamışlıqlar çoxdur. Ora təbiətdir, çaqqalların təbiətdə olması normaldır. Qamışlıqlardakı quşları ovlayır, dənizdən sahilə çıxan balıqları yeyirlər. Sovet dövründə bu cür yırtıcıların sayını optimallaşdırırdılar. Həmin dövrdə xəz dəri tədarükü var idi. Artıq xəz dəri istehsalı XX əsrdəki kimi dəbdə deyil. XXI əsrdə xəz dəri istehsalına dünyada bir az barbarlıq kimi baxılır, vəhşilik kimi qiymətləndirilir. SSRİ dövründə ovçular ziyanvericiləri öldürdüklərinə görə onlara əlavə pul da verilirdi. Bu, yaxşı praktika deyil. Çünki adını “ziyanverici” qoyduqları heyvanların bir qismi artıq “Qırmızı Kitab”a düşüb. Hətta SSRİ dövründə bəbir kənd təsərrüfatının ziyanvericisi sayılırdı, bəbir öldürənlərə də əlavə pul verilirdi. İndi isə bəbir “Qırmızı Kitab”dadır. Respublikada on-on beş fərdi qalıb. Düzdür, yaxşı praktika deyil, amma həqiqətən də respublikada çaqalların sayı çoxdur. Müraciətlər olursa, aidiyyəti dövlət qurumları tərəfindən məsələyə baxılır. Monitorinq aparılır, sonda dövlət qərar verir”.
Pravda.az