Çox təəssüflər olsun ki, bu gün dövlətin ayrı-ayrı sahələri üzrə siyasətini aparan qurumların əksəriyyəti öz işinin öhdəsindən gəlmir. Bununla bağlı saytımızda Nazirlər Kabinetinin çevik olmayan, nəticələrin proqnozlaşdırılmasını həyata keçirə bilməyən qurum kimi sərt tənqid etmişik. Problemin əsas mahiyyəti ondan ibarətdir ki, dövlət başçısının və müasir dövrün çağırışlarını düzgün qiymətləndirməyən nazirlik və komitə rəhbərləri hələ də “fil qulağında yatır”. Azərbaycan Prezidentinin sərt tənqidindən sonra ayılan yüksək ranqlı məmurlar bir müddət sonra yenidən filin o biri qulağına keçib mışıl-mışıl mürgüləyirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun rəhbəri də bu qəbildən olanlardandır. Qeyd edək ki, sözügedən komitə dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirir. “Keçirir” desək, yalan olar. Ən yaxşı halda yola verir. Bu mərkəzi icra hakimiyyəti orqanına isə hələ də politoloq səviyyəsində qalan, dövlətçilik təfəkkürünü partiya nomenklaturası ilə qarışdıran Mübariz Qurbanlı rəhbərlik edir.
Doğrudur, əslində dövlət dini etiqad azadlığının təmin olunması sahəsində ciddi uğurlara nail olub. Amma bu gün həmin nailiyyətləri Mübariz Qurbanlı öz adına çıxa bilməz.
Gözəl nitq və danışıq qabiliyyətinə malik olan cənab Qurbanlının cəmiyyətdə heç ciddi nüfuzu və çəkisi yoxdur. Bu gün tam əminliklə demək olar ki, din-dövlət münasibətləri digər strukturlar tərəfindən tənzimlənir. Mübariz Qurbanlı isə özünün və balalarının gələcəyini təmin edir. Adının çəkilməsini istəməyən məşhur xalq artistindən aldığımız məlumatlarda deyilirdi ki, Mübariz Qurbanlı Bakının mərkəzində öz evini milyon manat civarında təmir elətdirmişdi. Elə təkcə qapı-pəncərələrinə verdiyi vəsaitin həcmi onu göstərir ki, cənab Qurbanlı dövləti deyil, cibini düşünür.
Ümumiyyətlə, Qurbanlının fəaliyyəti rəhbərlik etdiyi komitənin lazımsız bir qurum olduğunu ortaya qoyub. Çünki dini qurumların qanunvericiliklə nəzərdə tutulmuş qaydada tənzimlənməsinə hüquq-mühafizə orqanları daha ciddi nəzarət edir. Komitə isə dini qurumların dövlət reyestrinin aparılmasını formal həyata keçirir. Bu baxımdan Mübariz Qurbanlının komitəsi büdcəyə ağır yükdür desək, heç yanılmarıq.
Komitə sədrinin bugünki mövqeyi cəmiyyətdə nüfuzu olmayan, hələ də “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsini zorla daşıyan Bəxtiyar Sadıqovla dostluğu ilə də xarakterizə edilə bilər. Biri mediada əsaslı şəkildə ciddi tənqid olunan, tipik arxaik media nümayəndəsidir, digəri isə yarıtmaz fəaliyyəti ilə din-dövlət münasibətlərini zərbə altına qoyan sıradan bir məmurdur.
Mübariz Qurbanlının bəxti onda gətirir ki, Azərbaycan tolerant ölkə olduğu üçün müxtəlif dini inanclara sahib qurumlar arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühiti yüksək həddədir. Ancaq bu mühitin möhkəmlənməsinə YAP-ın bəlağətli funksioneri və onun komandası heç bir töhfə verə bilmir. İndi cənab Qurbanlı zəhmət çəkib bizə gördükləri işlərlə bağlı cild-cild hesabatlarını təqdim etməsin. Kor-kor, gör-gör. Hər şey ortatadır. Komitə onun rəhblərliyi ilə yaddaqalan heç bir tədbir keçirməyib. Əslində rəhbərlik etdiyi illərdə də Qurbanlı yenilikçi kimi də öz potensialını ortaya qoya bilməyib. Ümumiyyətlə, bu gün cəmiyyətdə Qurbanlının varlığı qıcıq yaradır. Çünki tənqidlərə əhəmiyyət verməyən sabiq deputat fəaliyyətində heç bir dönüşə can atmaq fikrində deyil.
Konkret məqama diqqət yetirək. İranın Azərbaycanda dağıdıclıq fəaliyyəti zamanı Mübariz Qurbanlı harada idi? Ölkəmizdə dini radikalizmi və ekstremizmi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarını yaymağa çalışan qüvvələrə qarşı ziyalıların, nüfuzlu ictimai xadimlərin Qurbanlının təşəbbüsü ilə səfərbərliyə alınmasının kimsə şahidi oldumu? Yox.
Açıq mənbələrdən bir onu bilirik ki, vaxtilə komitə dini mərkəzlərdən, dini idarələrdən, digər dini qurumlar barədə ümumi məlumat bankı yaradıb. “Xala, xətrin qalmasın” prinsipi ilə beynəlxalq adı altında forum, gözə kül üfürən tədbirlər keçirilir.
Amma bu sahədə komitənin apardığı ideoloji iş sıfırın altındadır. Belə deyək ki, onların eyibini Prezident Administrasiyası, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və digər qurumlar örtür.
Cənab Qurbanlı deyə bilərmi ki, son illər Elm və Təhsil Nazirliyi ilə təhsil müəssisələrində dinşünaslıq, din tarixi, dini-idraki, dini-fəlsəfi fənlər və müqəddəs dini kitabların əsasları üzrə tədris proqramlarının, tədris vəsaitlərinin hazırlanmasında hansı şəkildə və çox təsili formada iştirak edib? Belə bir iş varmı ortada?
Ara-sıra çıxıb mediada islam dininə aid ayin və mərasimlər barədə açıqlamalar vermək hələ uğurlu fəaliyyət deyil, Cənab Qurbanlı!
Bu sahədə olan rüsvayçılıqlar, din xadimləri ilə düzgün iş prinsipinin qoyulmaması, dini sahəyə ayrılan büdcə vəsaitlərinin qeyri-şəffaflığı, digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunub-olunmaması ciddi problem olaraq qalır.
Görəsən, kim Komitənin son vaxtlar dini maarifçilik işi ilə bağlı ciddi nailiyyətini ortaya qoya bilər? Ola bilsin, Bəxtiyar Sadıqovla “Biz ayrılmaz dostlarıq” mahnısı ilə oxucusu olmayan “Azərbaycan” qəzetində maarifçilik ənənələri vəsf edilir və bu cür bəsit fəaliyyəti də gözümüzə soxurlar. Hərdən də görürsən ki, Qurbanlı ara-sıra mediada həşəmətli şəkli ilə görünməklə öz fəaliyyəti haqqında guya əhalini məlumatlandırır, əslində isə tipik Azərbaycan məmuru kimi görüntü yaratmaqla gözümüzü mazol edir. Görəsən, Qurbanlı anlamırmı ki, bu gün əsas çağırışlardan biri din sahəsində əsl peşəkar mütəxəssis hazırlamaqdır. Cənablar, Qurbanlı və onun komitəsi bu sahədə hansı uğurlara imza atıbmı? YOX!
Məlum olduğu kimi, bu sahədə görüləsi işlər çoxdur. Amma Qurbanlı işini yalnız dəftərxana səviyyəsində aparır. Belə çıxır ki, bu boyda komitəyə ehtiyac yoxdur. Məsələn, dini qurumların təsis sənədlərinin və nizamnamələrinin (əsasnamələrinin) qanunvericiliyə uyğunluğunun ekspertizasını Ədliyyə Nazirliyi də həyata keçirə bilərdi. Ona görə də Mübariz Qurbanlı dini qurumların dövlət qeydiyyatına alınmasını, bununla bağlı təşkilat işlərin qanunauyğun qurulmasına köməklik göstərməsini cəmiyyətə dövlətçiliyə xidmət kimi təqdim etməsin.
Ona görə də Mübariz Qurbanlının dövlətə ən böyük xidməti ən yaxşı halda onun istefası ola bilər.