Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Danışıq zamanı Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.
Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.