Bu vəzifəli şəxslərin Feysbuk statusları niyə lağlağıya çevirilir?

 Bu vəzifəli şəxslərin Feysbuk statusları niyə lağlağıya çevirilir?

Sosial şəbəkələr dünyada təkcə məşhurların deyil, həm də məmurların ən çox istifadə etdiyi platformaya çevrilib. Ölkəmizdə də sosial şəbəkələrin kifayət qədər izləyicisi var.

Bu gün bir çox yüksək rütbəli dövlət məmuru, Milli Məclisin deputatları da sosial şəbəkələrin imkanlarından yararlanır.

Tez-tez sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən rəsmilərin sırasında Gənclər və İdman naziri Fərid Qayıbovun, Elm və Təhsil Naziri Emin Əmrullayevin, Milli Məclisin deputatları Razi Nurullayevin, Tahir Rzayevin, Elman Nəsirovun, Etibar Əliyevin də adı çəkilir.

Bəs görəsən, dövlət qulluqçularını sosial şəbəkələrdə aktiv olmağa məcbur edən nədir? Niyə onlar tez-tez qınaq hədəfinə çevrilirlər?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan  “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu bunu yüksəkvəzifəli məmurların heç də hamısının sosial şəbəkədən aktiv istifadə etməməsi ilə əlaqələndirib:   

"Mən deməzdim ki, dövlət strukturlarında çalışan hər kəs sosial şəbəkələrdə aktivdirlər. Aktiv olsalar, məncə, onların hər hansı paylaşımı bu qədər rezonans doğurmaz. Əslində, onların arasında yalnız bir neçə vəzifəli şəxs sosial şəbəkələrdə aktivdir, onlar da qəribə qarşılanır. Həmişə birinci görülən iş insanlar tərəfindən qəribə qarşılanır. 

Əgər dövlət qulluğunda çalışan vəzifəli şəxslər daim aktiv olsalar, heç də cəmiyyət tərəfindən qəribə qarşılanmazlar. Mən çox istərdim ki, dövlət strukturlarında çalışanlar sosial şəbəkələrdə aktiv olsunlar, gündəlik paylaşım etsinlər. 

Vacib deyil ki, bu paylaşımlar yalnız işlə bağlı olsun, adi həyatla bağlı da ola bilər. Qoy cəmiyyət görsün ki, vəzifəli şəxslər onlara yaxındır, onlarla eyni havanı, eyni tüstünü udurlar. Əks halda, vəzifəyə gedən şəxslə sadə vətəndaş arasında uçurum var, ona çatmaq, onunla ünsiyyət qurmaq qeyri-mümkündür. 

Düzdür, mən ünsiyyətin də çox tərəfdarı deyiləm, lakin struktur elə qurulmalıdır ki, şəxsi əlaqə olmadan, onlayn müraciətlə, məktublaşmaqla vətəndaş öz problemini həll edə bilsin. Məncə, onların paylaşımlarının cəmiyyət tərəfindən birmənalı qarşılanmaması da normal haldır və bu o demək deyil ki, həmin şəxslər paylaşımları dayandırmalıdır, əksinə, daha çox paylaşım etməlidir".

Onun sözlərinə görə, dövlət məmurlarının cəmiyyətin qınağından çəkinərək sosial şəbəkələrdən uzaqlaşması düzgün yanaşma deyil:

"Cəmiyyət həmin şəxslərin arxası ilə gedir, ona görə cəmiyyətin qınağına kimsə baxmaamlıdır. Əgər həmin şəxs səmimi, ürəyindən gələn bir hərəkəti edirsə, burada cəmiyyətin qınağından qorxmaq olmaz. Cəmiyyətin zövqünə diktə edən müəyyən şəxslər olmalıdır, əks halda, hər şeyə gülmək, hər şeyi zarafata çevirmək yaxud bundan qorxub geri çəkilmək də düzgün deyil. Beş adam tənqid edər, amma onların içindən bəziləri başa düşəcək ki, bu vacib məsələdir və cəmiyyətə lazımdır. Bu mənada, sosial şəbəkələrdə paylaşımdan çəkinmək lazım deyil".

16:39 - 5 İyul 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin