Bakıda kafedə ofisiant qadın və müştəri döyüldü

 Bakıda kafedə ofisiant qadın və müştəri döyüldü

Bakının Qaradağ rayonunda 1988-ci il təvəllüdlü Rəşad kafelərdən birində xadiməçi işləyən Mətanətə və orada müştəri olan Vüqara (adlar şərti verilib – red.) xəsarətlər yetirib. 
Asayis.Az-ın məlumatına görə, Rəşad ötən ilin noyabrın 24-də, saat 19-20 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən "Seymur" adlı kafeyə gəlib.
 
Orada spritli içki olan pivə sifariş edərkən kafedə ximətçi işləyən Mətanət ona spirtli içki qəbul etdikdən sonra özünü idarə edə bilmədiyini və münaqişə yaratdığını deyib, pivə verməkdən imtina edib. 

Bu zaman Rəşad yüksək səslə nalayiq ifadələr işlətməklə Mətanəti nalayiq ifadələrlə təhqir edib, onun saçından tutaraq itələyib. Elə bu vaxt kafedə müştəri qismində olan Vüqar ona yaxınlaşaraq qanunsuz və əxlaqsız davranışlarına irad bildirib. 

O, Vüqarı da yumruqla bir dəfə baş nahiyəsinə vurub.

Hadisəni törədən Rəşadın barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rəşad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. 

O bildirib ki, Yardımlı rayonunun kəndində qeydiyatda olsa da, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv nömrəsiz fərdi evdə kirayə yaşayır, “Sədərək” ticarət mərkəzində yük boşaltmaqla məşğul olur: 

“Hərdən Lökbatan qəsəbəsində yerləşən “Seymur” kafesinə gedərək pivə içmişəm. Noyabrın 24-də, saat 19 radələrində yenidən “Seymur” kafesinə pivə içmək üçün getdim. Kənarda bir masa seçdim və pivə sifariş etdim. Mənə bir bakal pivə gətirdilər. Mən ikinci pivəni sifariş etdikdə Könül adlı kafenin sahibi pivə olmadığını bildirdi. Bu zaman onunla sözlə mübahisə etdim. Daha sonra Mətanət adlı qadın mənə nalayiq ifadələr işlətdiyi üçün onunla da sözlə mübahisə etdim. Bu zaman polis əməkdaşları kafeyə daxil oldu. Polis əməkdaşları məni aparan zaman “Mamed” kimi tanıdığım, əsl adı Vüqar olan şəxs Mətanəti müdafiə etmək üçün mənə yaxınlaşdı. Vüqarla mübahisələrimiz düşdü. Mən Vüqarın sinəsindən itələdim. Bu zaman polis əməkdaşları məni polis bölməsinə apardılar. Mən zərərçimiş şəxslərə heç bir xəsarət yetirməmişəm”.

İş üzrə zərərçəkmiş Vüqarın sözlərinə görə, hərdən Lökbatan qəsəbəsində yerləşən “Seymur” kafesinə dostları ilə gələrək çay içib, yemək yeyib: 
“Hadisə günü "Seymur" kafesində şəxsi otaqda yaxın dost münasibətində olduğum Eldarla birlikdə əyləşərək yemək yedik. Yemək yedikdən sonra ümumi istifadədə olan zala keçdik və çay içməyə başladıq. Zalda çay içən zaman tanımadığım, lakin 2 dəfə gördüyüm şəxs kafeyə daxil oldu. Həmin şəxs girən zaman hiss olunurdu ki, içkili vəziyyətdədir. Həmin şəxs yüksək səs tonu ilə lazımsız ifadələr işlətəməyə başladı. Kafedə xidmət aparan Mətanət adlı şəxs həmin tanımadığım şəxsə irad bildirərək kafedən çıxmasını istədi. Bu zaman ayağa duraraq Mətanətə təpik atmaq istədi. Lakin təpik ona dəymədi. 

Daha sonra qadının saçından və biləyindən tutdu. Mən bu zaman 10-cu polis bölməsinə zəng edərək kömək istədim və həmin şəxsə yaxınlaşaraq irad bildirmək istədim. Bu vaxt Mətanət araya girərək mübahisəyə müdaxilə etmək istədi. Həmin şəxs Mətanəti itələdi və Mətanət yerə yıxıldı. Daha sonra həmin şəxs mənim alın nahiyəmdən yumruqla bir dəfə zərbə endirdi. Bundan sonra polis əməkdaşları içəri daxil oldular. Həmin şəxsin məni vurmağını polis əməkdaşları da gördülər”.

Digər zərərçəkmiş Mətanətin ifadəsinə görə, “Seymur” kafesində ofisiant kimi faəliyyət göstərib.

Sonradan adının Rəşad olduğunu bildiyi şəxs dəfələrlə işlədiyi “Seymur” kafesinə gələrək ona əxlaqsız sözlər deyib, onu təhqir edib: 

“Mən isə işlədiyim yerdən qovulmamaq üçün həmin şəxsin sözlərinə fikir verməmişəm. Hadisə günü Rəşad yenidən kafeyə gəldi və masaya əyləşdikdən sonra pivə sifariş etdi. Lakin o hər dəfə gəlib kafedə spirtli içki qəbul etdikdən sonra burada mübahisə yaratdığından müdiriyyət həmin şəxsə spirtli içki verməməyi mənə tapşırdı. Ona görə də həmin şəxsə spirtli içki verməyəcəyimi bildirdim. Bu zaman həmin şəxs mənə əxlaqsız küçə söyüşləri söyüb təhqir etməyə başladı. 

Bundan sonra dözə bilmədim. Həmin şəxsin dediklərini özünə qaytardım. Həmin şəxs bunu eşitdikdə hiddətləndi. Ayağa mənə təpik atmaq istədi. Lakin dəymədi. Daha sonra əlini ataraq saçımdan və biləyimdən tutdu. Möhkəm sıxmağa başladı. Bu zaman kafedə yemək yeyən “Mamed” kimi tanıdığım Vüqar adlı şəxs biozə yaxınlaşaraq aralamaq istədi. Onların dava-dalaş edəcəyindən qorxdum. Onları aralamağa çalışarkən Rəşad sinəmdən möhkəm itələdi. Bu zaman yerə yıxıldım. Həmçinin məni itələdikdən sonra yumruqla Vüqarım alnından bir dəfə vurdu. Bu zaman polis əməkdaşları içəri girdi. Bunu görən polis əməkdaşları dərhal həmin şəxsi və bizi polis bölməsinə dəvət etdilər”.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Rəşad 1 il 9 ay müddətə azadlıqdan məhrum edilib. 


Demokrat.az

15:59 - 5 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin