İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiyməti artacaq.
Z.Əliyev qeyd edib ki, artım vətəndaşlara təsir etmyəcək. Belə ki, ödənişlər hər zaman olduğu kimi Agentlik tərəfindən həyata keçiriləcək.
Asayis.Az xəbər verir ki, məsələ ilə bağlı sığorta üzrə ekspert İlkin İbrahimov açıqlamasında bildirib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfindəki xidmətlərin qiymətini artırması barədə qərarı təbii haldır.
Onun sözlərinə görə, özəl tibb müəssisələrində də bir neçə müddətdir ki, xidmətlərlə bağlı artım müşahidə olunur:
“Bu o deməkdir ki, icbari tibbi sığorta üzrə xidmətləri həyata keçirən müəssisələrdə çalışan işçilərin əmək haqqları və göstərdikləri xidmətlərə görə aldıqları ödənişlər də artacaq. Bu, tibbi personalın həm daha məsuliyyətli olmasına, həm də xidmətlərin keyfiyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Bəzi özəl tibb müəssisələri var ki, onlar xidmətin məbləğinin daha az olmasını əsas gətirərək İTS üzrə Dövlət Agentliyinin xidmətlər zərfinə qoşulmurdular.
Hesab edirəm ki, bundan sonra özəl tibb müəssisələri Agentliklə müqavilə bağlamaqda maraqlı olacaq. Əgər bu, deyildiyi kimi vətəndaşların büdcəsinə təsir etməyəcəksə, artan xidmət haqqı Agentlik tərəfindən qarşılanacaqsa, müsbət hal kimi dəyərləndirmək olar”.
Demokrat.az