“Dərman qiymətlərinin fırıldağı ilə bağlı məsələni bir neçə dəfə Milli Məclisdə gündəmə gətirmişəm. Hətta şüar da təklif etmişəm: Biz qardaş Türkiyə ilə “Bir millət, bir dərman, iki dövlət” olmalıyıq. İndi bu mövzuda Səhiyyə nazirinin müavininin açıqlamasını həm də şəxsimə cavab olaraq görürəm”.
Asayis.Az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
“Doğrudanmı belə cavab verib? Doğrusu inanmağım gəlmədi. Ancaq inanın ki, çox sevdiyim Molla Nəsrəddinin lətifələrinə bu qədər gülməmişdim. Görün necə baməzə, 10 milyon vətəndaşımızla məzələnən bir cavab verilib: “Bir çox hallarda Azərbaycandakı dərman qiymətlərini Türkiyə ilə müqayisə edirlər. Amma baxsaq görərik ki, orada dərman vasitələrinin əksəriyyəti daxili istehsaldır. Necə ki bizdə təbii qaz, dizel Türkiyədən ucuzdur, eləcə də dərman vasitələrinin orada daha ucuz olması təbii qəbul olunmalıdır. Bu məntiqlə, Türkiyə vətəndaşı deyə bilər ki, Azərbaycanda qazın qiyməti aşağıdır, bizdə niyə yox?!” Bu məntiqlə gərək bizdə təyyarələrin uçuş qiyməti də Gürcüstandan qat-qat ucuz ola! Onlarda da neft yoxdur”, - F.Mustafa qeyd edib.
Pravda.az