Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü Pərviz şəxsi münasibətlər zəminində qeyri-rəsmi münasibətdə olduğu Kəmaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Asayis.Az-ın məlumatına görə, hadisə bu ilin mayın 3-də baş verib.
Pərviz həmin gün saat 23 radələrində şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Kəmalənin saçından tutaraq əli ilə sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Hadisəni törədən Pərvizin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərviz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, təxminən 7 il olar Kəmaləni tanıyır: “Lakin 4 ay olar ki, onunla qeyri-rəsmi olaraq yaşamağa başlamışam. Əvvəllər münasibətlərimiz yaxşı olsa da, son zamanlar münasibətlərimiz pozulub. Buna səbəb isə Kəmalənin başqa şəxslərlə telefonda danışması və onu qısqanmağım olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, Bakıxanov qəsəbəsində kafelərin birində Kəmalə və rəfiqəsi olan Səlimə ilə birlikdə spirtli içki olan araq qəbul ediblər:
“Lakin Kəmalə spirtli içki qəbul etmədi. Təxminən saat 23 radələrində Səlimə Bakıxanov qəsəbəsində kirayə yaşadığı evinin açarını Kəmalə ilə birlikdə istirahət etmək üçün bizə verdi.ı Mən Kəmalə ilə birlikdə Səlimənin kirayə yaşadığı evə getdim. Evdə olan zaman Kəmalənin mobil telefon aparatını yoxlamaq məqsədi ilə götürdüm. Həmin vaxt Kəmalə telefonu əlindən almaq üçün üstümə gəldi.Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zaman əsəbləşərək onun saçından tutdum, sifət nahiyəsinə yumruq vurdum. Sonra Kəmalə üzünü çevirərkən təkrar olaraq boyun nahiyyəsinə zərbə vurdum. Bu zaman Kəmalə divara dəydi. Kəmalə isə oturacaq stulunu götürərək üstümə atdı və biz süpürləşdik. Kəmalə məndən mobil telefon aparatını tələb edərək əks halda polisə müraciət edəcəyini bildirdi. Həmin mobil telefonu yerə vuraraq sındırdım”.
İş üzrə zərərçəkmiş Kəmalənin sözlərinə görə, təxminən 8 ay əvvəl Suraxanı rayonu ərazisində kafedə işləyən bacısının yanına gedib:
“Orada olarkən Pərviz adlı şəxs də müştəri qismində həmin kafeyə gəldi. Məni görərkən bəyəndiyini bildirdi. Mənimlə münasibət yaratmaq istəsə də, lakin onu yaxın buraxmadım. Təxminən 4-5 ay sonra Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Qoş qabırğa” kafesinə müğənni kimi işləməyə başladım. İşə başladıqdan sonra təsadüfi olaraq Pərviz də həmin kafeyə gəldi. Sonradan həmin kafeni işlədən şəxslərin Pərvizini qohumları olduğunu bildim. İlk öncə Pərvizlə münasibət qurmaq istəmədim. Lakin sonradan Pərvizin əl çəkmədiyini gördüm və onunla danışmağa başladım”.
Zərərçəkmiş şəxs qeyd edib ki, bir müddət Pərvizlə görüşüb və münasibət saxlayıb:
“İlk vaxtlar Pərvizin münasibəti yaxşı olsa da, sonradan bir neçə dəfə əl qaldırdığına görə ayrılmaq qərarına gəldim. Hadisə günü, təxminən saat 20.00-da rəfiqəm Səlimə ilə birlikdə Bakıxanov qəsəbəsində işlədiyim kafeyə gəldik. Həmin vaxt Pərviz də orada öz dostları ilə əyləşib yemək yedi və bizi gördükdən sonra birgə oturmağa dəvət etdi. Səlimə ilə bir qədər əyləşərək onlarla söhbət etdik.
Sonradan evə getmək istədiyimi bildirən zaman Pərviz mənə getməməyi, mənimlə işi olduğunu bildirdi. Saat 23 radələrində Bakıxanov qəsəbəsində kirayə yaşayan rəfiqəmin evinə getdim. Pərviz də mənim arxamca evə gəlməyimi bildirdi. Evə girdikdən sonra Pərviz nə üçün ayrılmaq istədiyimi soruşdu. Mən də Pərvizə əl çəkməsini xahiş etdim. Məndən uzaq durmağını bildirdim. Pərviz sözümə qəzəbləndi və saçımdan tutaraq yumruq ilə sifətimə, bədənimin müxtəlif yerlərinə vuraraq xəsarət yetirdi. Mən də özümü müdafiə etmək məqsədi ilə oturacaq stulu götürərək Pərvizin üzərinə atdım. Pərviz isə mobil telefonumu yerə vuraraq ekranını yararsız hala saldı”.
Bu cinayət işinə Sabunçu rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Pərvizin barəsində cinayət təqibinə xitam verilib.
O, cinayət məsuliyyətindən azad edilib.