"Dərmanlara tavan qiymətlər qoyulmalıdır" - DEPUTAT

Azərbaycanda dövlət qeydiyyatına alınan dərman vasitələri apteklərdə fərqli qiymətlərə satıla bilər. “Dərman vasitələri haqqında” Qanuna ediləcək dəyişikliklər belə deməyə əsas verir.

Belə ki, dəyişikliyə görə, Tarif Şurası dərman vasitələri üçün vahid qiymət yox, qiymətin yuxarı həddini müəyyən edəcək.

Bəs, millət vəkilləri qanuna sözügedən dəyişikliklə bağlı nə düşünür? Bu təklif qəbul olunacaqmı?

Məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bu təkliflə bağlı müsbət fikirdə olduğunu bildirib:

“Dərman vasitələri ilə bağlı çox ciddi problemlər var. Qiymətlər çox yüksəkdir. İnsanlar özlərinə dərman ala bilmir. Yaxın vaxtlarda “Dərman vasitələri haqqında” Qanuna müəyyən dəyişikliklər etmişik. Nazirlər Kabineti də dərman vasitəri ilə bağlı müəyyən variantlar üzərində işləyir. Biz istərdik ki, dərmanlara tavan qiymətlər qoyulsun. Belə olduqda heç kim dərmanı təyin olunmuş qiymətdən baha sata bilməyəcək. Gürcüstanda da belədir. Onlar Türkiyə ilə müqavilə bağlayıb. Dərmanları oradan gətirib tavan qiymətlər tətbiq edirlər. Biz də Türkiyə ilə bu cür müqavilə bağlaya bilərik”.

Millət vəkilinin sözlərinə görə, ölkədə dərman qıtlığının aradan qaldırılması üçün addımlar atılmalıdır:

“Burada digər məsələlər də var. Azərbaycanda dərman qıtlığını da aradan qaldırmaq lazımdır. İnsanlar dərman tapa bilmir. Bu qıtlıq aradan qaldırıldıqdan sonra tavan qiymətlər təyin edilməlidir”.

 

12:22 - 4 İyul 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin