Yol polisinin cərimələdiyi “avtoş” məhkəmədə qalib gəldi - FOTO

 Yol polisinin cərimələdiyi “avtoş” məhkəmədə qalib gəldi - FOTO

Polisin avtoxuliqanlıq maddəsi ilə protokol tərtib etdiyi BMW markalı avtomobilin sürücüsü məhkəmədə qalib gəlib.

 Bu barədə rayon sakini Nicat Mehtiyev bildirib. O bildirib ki, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində ona yol hərəkəti qaydalarını kobud şəkildə pozması və avtoxuliqanlıq etməsi ilə bağlı protokol tərtib ediblər. 

Daha sonra Quba Rayon Məhkəməsinin qərarı ilə nəqliyyat vasitəsini idarə etmək hüquqi iki il müddətinə məhdudlaşdırılıb: “Eyni zamanda, mənə 2000 manat cərimə tətbiq edilmişdi. Mən bu qərardan narazı idim, çünki polis mənə yanlış protokol tərtib edib. Mən qərardan narazı olduğum üçün Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etdim.

Məhkəmə mənim əməllərimdə 511.3-cü maddəsinin (iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla iki min manatdan dörd min manatadək) tərkib əlamətlərinin mövcud olmadığını bildirib, qeyd olunub ki, dəfələrlə məlumat verilməsinə baxmayaraq, inzibati xəta protokolu tərtib edilmiş şəxsin məhkəmə iclasında iştirakı Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəhbərliyi tərəfindən təmin edilməyib.

Avtoxuliqanlıq hərəkətlərini əks etdirən sübutların (videoçəkiliş, sürət həddini aşma və sair) məhkəmə iclasının təyin edildiyi vaxtadək məhkəməyə təqdim edilməsi tələb olunsa da, bununla bağlı apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim edilməyib”. 

Qeyd edək ki, bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu rayon sakini Nicat Mehtiyevin idarə etdiyi BMW markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozması və avtoxuliqanlıq etməsi barədə məlunat yaymışdı.


20:26 - 1 Aprel 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin