Gəncə Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Asayis.Az-ın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına zərərçəkmiş şəxslərin apellyasiya şikayətindən imtina etmələri ilə əlaqədar xitam verilib. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib.
Belə ki, Gəncə Şəhər Məhkəməsinin 1 mart 2023-cü il tarixli hökmü dəyişdirilib və ona şərti cəza verilib.
Qeyd: Hadisə 2021-ci ilin oktyabrın 2-də Gəncə şəhəri, Cavadxan qəsəbəsi adlanan ünvanda yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Bəbişov Elmir Azər oğlu vanna otağında olarkən qaz partlayıb. Ağır yanıq xəsarəti alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
İş üzrə zərərçəkmiş qismində Elmir Bəbişov və onun atası Azər Bəbişov tanınır.
İttihamda qeyd olunub ki, partlayış nəticəsində Azər Bəbişova ümumilikdə 18 125 manat məbləğində əhəmiyyətli zərər dəyib.
Hadisədən sonra “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışmış Azər Xəlilov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Gəncə Şəhər Məhkəməsinin hökmü ilə Azər Xəlilova 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkin.
Qeyd: Azər Xəlilov 2015-ci ildən 11 oktyabr 2021-ci il tarixədək “Azəriqaz” İB-nin Gəncə şəhər İdarəsinin Təmir-bərpa xidmətinin rəisi vəzifəsində çalışıb.
Pravda.az