Yeni tikili binalarda mənzillərin sürətlə bahalaşması vətəndaşlar arasında narazılıq yaradıb. Bəs görəsən bu proses nə vaxta qədər davam edəcək? Mənzil almaq istəyənlərin bundan sonra hansı qiymətlərlə üzləşmək ehtimalları var?
Asayis.Az xəbər verir ki, əmlak üzrə ekspert Elnur Fərzəliyev Pravda.az-a açıqlamasında deyib ki, bahalaşmanın əsas səbəbi torpaq sahələrinin qiymətindəki kəskin artımdır.
“Paytaxt Bakıda, təqribən, 10-15 il bundan əvvəl mərkəzə yaxın və mərkəzdən kənar ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı olan böyük həcmli torpaq sahələri var idi. Onların satış qiymətləri bazar qiymətləri ilə eyni idi. Hal-hazırda isə mərkəz və mərkəzə yaxın ərazilərdə, demək olar, çoxmənzilli yaşayış binaları üçün yaradılan torpaq sahələri yoxdur. Olanların da qiymətlərində fantastik artımlar müşahidə olunur. Hazırda bina tikintisi üçün yararlı torpaq sahələrinin 1 sotunun qiyməti, təxminən, minimum 50 mindən başlayaraq 250 min manata qədər dəyişə bilir. 25-30 min kvadratmetrlik çoxmənzilli binanın inşası üçün tələb olunan torpaq sahəsi 1 hektardırsa, bu, onu deməyə əsas verir ki, sadəcə, bir binanın inşası üçün torpaq sahəsinə orta qiymət olaraq 10 milyon manat tələb olunur. Digər xərcləri də bu rəqəmin üzərinə gəldikdə ortaya çıxan məbləğ artıq həmin binaların satış qiymətlərinə öz təsirini göstərir”, - o, deyib.
Ekspert bildirib ki, digər tərəfdən, mərkəz ərazilərdə torpaqların olmaması, yaxud çox baha olması səbəbindən tikinti şirkətləri daha çox köhnə, istismar müddəti bitmiş, xüsusən qəzalı vəziyyətdə olan üç, dörd, beş mərtəbəli binaları sökərək pilot layihələr üzərində həmin ərazidə binalar inşa edirlər:
“Təbii ki, köhnə binalar pilot layihə üzərində sökülərkən o binalardakı bütün mənzil sahiblərinə bina tikilib təhvil verilən günə qədər kirayə pulları ödənilir. Bu proses, təqribən, iki-üç il müddət çəkir. Köç xərcləri də ödənilir. Tikilən binada onların mövcud mənzilləri daha böyük, ümumi sahəsi geniş mənzillərlə əvəzlənir. Bir dördbloklu, beşmərtəbəli binada 60 mənzil varsa, bu, onu deməyə əsas verir ki, tikinti şirkəti bir bina inşa edərkən binanın böyük hissəsini həmin mənzil sahiblərinə verir. Təbii ki, bu da öz-özlüyündə birbaşa satış qiymətinə təsirini göstərir. Hal-hazırda paytaxt ərazisində kvadratmetrin orta qiyməti, təxminən, 2000-2500 manatdır. Mərkəz ərazilərində isə daha baha – 3000-4000 manata, bəzi ərazilərdə hətta 5000 manata qədər təklif olunan binalar var. Hazırda kənar ərazilərdə bu qiymətlər ortalama 1000 manatın üzərindədir. Üç il bundan əvvəl Xırdalan, Abşeron ərazisində yeni tikili çoxmənzilli binalarda təmirsiz mənzilin 1 kvadratmetri 600-700 manata təklif olunurdusa, hazırda Xırdalan və ətraf ərazilərdə tikilən binalarda mənzillərin satış qiyməti 1000 manat və daha bahadır. Mərkəz ərazilərdə də qiymət artımı davam edir”.
E.Fərzəliyevin sözlərinə görə, bahalaşmanın digər bir səbəbi tikinti materiallarının qiymətlərinin artmasıdır:
“Daha ciddi təsir isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi tikinti normativlərinə uyğun əmsalların qorunmasıdır. Yəni binalararası məsafələrin qorunması, mərkəz ərazilərdə daha çox hündürmərtəbəli binaların inşası üçün icazələrin verilməməsi. Bütün bunlar şəhərin sıxlıqdan qorunması üçün nəzərdə tutulub. Bu cür normativlər səbəbindən artıq tikinti şirkətləri hündürmərtəbəli, daha iri həcmli binalar inşa edə bilmədiklərinə görə məcburən tikdikləri binalardakı mənzillərin satış qiymətlərini artırırlar ki, həm qoyduqları xərci götürə bilsinlər, həm də gəlir əldə edə bilsinlər. Prosesin nə vaxt bitəcəyi bəlli deyil. Hələ ki artıq illərdir, qiymətlər bu formada artan xətt üzrə gedir. Qiymətlərin hansısa formada düşməsi üçün artıq şəhərdən kənar ərazilərdə, yaxud respublikanın digər şəhərlərində boş torpaq sahələri olan ərazilərdə tikinti işlərinə start verilməlidir ki, həmin ərazilərdə torpaqların qiymətinin ucuz olması səbəbindən tikilən binalar paytaxtdakı kimi baha yox, daha ucuz qiymətə satışa çıxarıla bilsin”.